
Bakı. Trend:
Ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə
təxminən 7.9 milyon manat artaraq
(14,4 %) ilk dəfə 63 milyon
manata yaxın vəsait təşkil edib.
Trend-in
məlumatına görə, bu məlumat Milli Məclisin Regional məsələlər
komitəsinin bugünkü iclasında müzakirə edilən bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsində öz əksini
tapıb.
Bildirilib ki, bələdiyyələrin vahid informasiya sistemindən əldə
olunan məlumatlara əsasən, 2025-ci ilin yekunları üzrə bu
göstəricinin 60 milyon manat həddini keçməsi
proqnozlaşdırılır.
Vurğulanıb ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə
daxilolmalarında müsbət nəticələrə nail olunub və 2024-cü illə
müqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən
26 % (7,2 milyon manat) çox
vəsait daxil olub.
Əlavə edilib ki, statistik rəqəmlər baxımından ümumi
gəlirlərində kəskin artım Turan, Daş
Salahlı, Samux,
Yardımlı, Müşfiqabad
bələdiyyələrində müşahidə olunub. Daxilolmalardakı artımın
məbləğinin yüksəkliyi baxımından isə Sumqayıt
(841 min manatdan çox), Yasamal
(574 min manatdan çox), Nərimanov
(533 min manatdan çox), Nəsimi
(481 min manatdan çox) və Masallı
(423 min manatdan çox) bələdiyyələrini
fərqləndirmək mümkündür.

