
Bakı. Trend:
2025-ci ildə həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin
fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı
kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə
vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov komitənin bugünkü iclasında bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı
Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi
zamanı deyib.
Komitə sədri vurğulayıb ki, bələdiyyələrin fəaliyyətinin müasir
dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə
münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya
digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri
tədbirlər görmək çox vacibdir.
Millət vəkili əlavə edib ki, yerli özünüidarəetmənin daha
səmərəli və funksional institut kimi formalaşdırılması məqsədilə
bir sıra təkliflərin irəli sürülməsi məqsədəuyğun hesab edilir.
“Belə ki, bələdiyyələrin maliyyə müstəqilliyinin
gücləndirilməsi, onların gəlir mənbələrinin genişləndirilməsi və
maliyyə intizamının artırılması istiqamətində əlavə mexanizmlərin
tətbiqi vacibdir.
Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçuları üçün davamlı
peşəkar hazırlıq və ixtisasartırma proqramlarının
genişləndirilməsi, rəqəmsal idarəetmə alətlərinin tətbiqinin
dərinləşdirilməsi, şəffaflıq və hesabatlılığın artırılması mühüm
əhəmiyyət kəsb edir.
Eyni zamanda, bələdiyyələrlə icra hakimiyyəti orqanları arasında
səlahiyyət bölgüsünün daha dəqiq tənzimlənməsi, ictimai
iştirakçılığın və vətəndaş nəzarətinin gücləndirilməsi yerli əhali
ilə qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək. Bu
istiqamətdə ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi
bələdiyyələrin nüfuzunun artırılmasına və yerli özünüidarəetmənin
real inkişafına mühüm töhfə verəcək”, – deyə S.Novruzov fikrini
tamamlayıb.

