“AmCham Azerbaijan” xarici investisiyaların təxminən 80%-ni təmsil edən bir platformaya çevrilib – Dəyanət Sədullayev (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

“AmCham Azerbaijan” 30 il ərzində tək Amerika şirkətlərinin
deyil, demək olar ki, xarici investisiyaların 80%-ni təmsil edən
bir quruma çevrilib.

Bunu Trend
müsahibəsində Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham
Azerbaijan”) prezidenti Dəyanət Sədullayev bildirib.

Onun sözlərinə görə, palata eyni zamanda ölkənin ən iri yerli
şirkətlərini də öz ətrafında birləşdirir.

“Palatanın əsas məqsədi üzvlərinin maraqlarını qorumaq, onlar
arasında əməkdaşlığı, bilik və təcrübə mübadiləsini təşviq
etməkdir. Biz üzvlərimiz üçün illik, rüblük sorğular, eləcə də
əməkhaqqı sorğuları, mütəmadi görüşlər və müxtəlif resurs imkanları
yaradırıq. Bu mexanizmlər şirkətlərin inkişafına real töhfə verir”,
– deyə D.Sədullayev qeyd edib.

O bildirib ki, “AmCham Azerbaijan” dövlət qurumları ilə biznes
subyektləri, xüsusilə də kiçik və orta şirkətlər arasında dialoq
platforması rolunu oynayır. Bu dialoq açıq görüşlər, mövqe
sənədləri və “ağ sənədlər” vasitəsilə qurulur.

“Biz mütəmadi olaraq dövlət qurumlarının nümayəndələrini,
nazirləri və məsul şəxsləri aylıq görüşlərimizə dəvət edirik. Eyni
zamanda mövqe sənədləri və “ağ sənədlər” hazırlayaraq dövlətlə açıq
və konstruktiv dialoqun qurulmasına töhfə veririk. Əlbəttə, bunlar
özlüyündə şirkətlərin və onların bizneslərinin inkişafı üçün böyük
imkanlar yaradır. Dediyim kimi, ilk olaraq bilik paylaşımlarına yol
açırıq, ölkəyə gələn, investisiya yatırmaq istəyən böyük
şirkətlərin palatamız tərəfindən təmsil olunması, bizim palatada
özlərini təmsil etmələri, yerli şirkətlərin də onlardan yeni
biliklər öyrənməsi, onlarla iş birlikləri, işgüzar mühit və
münasibətlərin qurmalarında kömək göstəririk. Bu, biznes mühitinin
inkişafı üçün mühüm imkanlar yaradır”, – deyə o vurğulayıb.

Palata daxilində strukturlaşmış komitə və işçi qruplarının
fəaliyyət göstərdiyini deyən D.Sədullayevin sözlərinə görə, hazırda
“AmCham Azerbaijan”da 11 komitə və 3 işgüzar qrup mövcuddur. Bu
strukturlar vergi, gömrük, bankçılıq və digər sahələri əhatə
edir.

“Bizim palatanın 11 komitəsi var və onlar sənayelər üzrə
bölünüblər. Bunlar vergidən tutmuş gömrük, bankçılıq və digər
sahələri əhatə edən komitələrdən ibarətdir. Həmçinin 3 işgüzar
qrupumuz var ki, bu qruplar da komitənin yaranmasından öncə ilkin
mərhələdir. Yəni işgüzar qrup uğurlu olsa, komitə formasına
çevrilir. Bu komitələr üzvlərimizin oxşar problemləri, oxşar
maraqları üzərində cəmlənən müzakirələrin aparılmasına, hər hansı
bir nou-haunun (know-how) paylaşılmasına, birlikdə səslərinin
eşidilməsinə imkan yaradır.

“AmCham Azerbaijan”ın qərarvermə sistemi, ümumiyyətlə işləməsi
çoxpilləli bir sistemdən ibarətdir. Bu, uzun müddətdir qurulmuş və
uğurlu fəaliyyət göstərən çoxpilləli sistemdir. Qərarvermələr
adətən komitələrdə başlayır, həmin komitələrdə müxtəlif mövzular
müzakirə olunur. Daha sonra həmin mövzular üzərində fikir bölgüsü
aparılır, müəyyən bir ortaq nəticəyə gəlinir. Komitələrdən sonrakı
məsələlər artıq idarə heyəti üzvlərinə çıxır və idarə heyəti
üzvləri tərəfindən müzakirə olunur. Bundan sonra isə demokratik səs
çoxluğu ilə bu qərarvermənin təsdiq və ya təsdiq olunmaması prosesi
başlayır”, – deyə o əlavə edib.

“AmCham Azerbaijan”ın prezidenti bildirib ki, palatanın
qərarvermə mexanizmi çoxpilləli və demokratik prinsiplər üzərində
qurulub: “İdarə heyətinin üzvləri 10 nəfərdən ibarətdir. Onlar
palata üzvlərindən seçilən şəxslərdir. İdarə heyətində təsdiq
olunan məsələlər sırf səs çoxluğu ilə təsdiqlənir və adətən də bu,
heç bir subyektiv mövqedən ibarət olmur. Bu, əsasən assosiasiyanın
ümumi mövqeyini ifadə edən qərarlar olur.




Bəzən palata tərəfindən irəli sürülən təkliflər mənim şəxsi
baxışımdan fərqlənə bilər və ya marağımla ziddiyyət təşkil edə
bilər. Belə məsələlər də olur. Qeyd etdiyim kimi, bizim qərarvermə
prosesimiz – son qərarın təsdiqlənməsi idarə heyətində olur. İdarə
heyətində 10 şirkəti təmsil edən 10 nəfər var. Hər şəxsin, şirkətin
bir biznes və ya subyektiv marağı var. Amma qərarvermə səs çoxluğu
ilə keçirildiyi üçün burada əlbəttə ki, hər hansı bir şəxs və ya
şirkətin maraqlarına zidd də qərarlar verilə bilir. Yəni mənim
bunları dayandırmaq, mane olmaq kimi bir imkanım da yoxdur. Bu da “AmCham Azerbaijan”ın gücünü, etibarlılığını, şəffaflığını
göstərir. Bu səbəbdən bizim 270-ə yaxın üzvümüz var. Bu səbəbdən
biz sevilirik, dəstəklənirik. Çünki qərarvermə prosesi demokratik
keçirilir və heç kimin şəxsi mövqeyini əks etdirmir, ümumi
assosiasiya üzvlərinin dərdini təmsil edən bir mövqe ortaya çıxır”,
– deyə D.Sədullayev vurğulayıb.

D.Sədullayev bildirib ki, palata 2005-ci ildən etibarən hər iki
ildən bir “ağ sənəd” hazırlayır: “2025-ci il üçün hazırlanan ağ
sənəd artıq doqquzuncudur. 2023-cü il “ağ sənəd”ində yer alan
təkliflərin təxminən 30%-nin icra olunması bizim üçün ciddi uğur
göstəricisidir”.

O qeyd edib ki, bu sənədlər çərçivəsində vergi prosedurlarının
sadələşdirilməsi, investisiya xidmətlərinin hüquqi tənzimlənməsi,
ezamiyyə xərcləri normalarının yenilənməsi, elektron ədliyyə
sisteminin genişləndirilməsi, ixtisaslaşdırılmış məhkəmələrin
yaradılması və viza prosedurlarının sadələşdirilməsi kimi mühüm
dəyişikliklər həyata keçirilib.

“Bu faktlar onu göstərir ki, dövlət qurumları ilə açıq və şəffaf
kommunikasiya real nəticələr verir. Biz bu əməkdaşlığa görə dövlət
nümayəndələrinə təşəkkür edirik”, – deyə o bildirib.

Palata prezidenti qeyd edib ki, “AmCham Azerbaijan” 2026-cı ildə
də fəaliyyətini eyni prinsiplərlə davam etdirməyi, dövlət-biznes
dialoqunu daha da dərinləşdirməyi planlaşdırır.

“Komitə sədrlərinin yenilənməsi, dəyişdirilməsi,
gücləndirilməsinin üzərində ciddi iş aparırıq ki, “AmCham
Azerbaijan” hər hansı bir subyektiv səbəblərdən asılı olmayaraq və
yaxud siyasi vəziyyətdən, konyunkturdan asılı olmayaraq öz
fəaliyyətini davam etdirə bilsin. Çünki bizim yeganə resursumuz
üzvlərimizdir. Biz üzvlərimizi təmsil etməyə, onların maraqlarını
maksimum qorumağa, onların bizneslərini inkişaf etdirməyə, yeni
biliklərə, yeni biznes praktikalarına əlçatanlığını artırmağa
çalışırıq. Yəni 2026-cı il ərzində sadaladığım məsələləri inkişaf
etdirməyi düşünürük”, – deyə D.Sədullayev vurğulayıb.

O əlavə edib ki, “AmCham Azerbaijan”a üzvlük şərtləri açıq və
sadədir: “AmCham Azerbaijan”a üzv olmaq üçün şərtlər kifayət qədər
asandır və buna onlayn şəkildə baxıla bilər. Amcham.az vebsaytına
daxil olduqda orada “üzv ol” hissəsini seçməklə tələblərlə açıq
şəkildə tanış olmaq mümkündür. İlkin olaraq üzv olmaq istəyən
şirkətin sənədləri yoxlanılır və daha sonra bu məlumatlar idarə
heyətinə çıxarılır. İdarə heyətində qərarvermə səs çoxluğu ilə
həyata keçirilir. Üzv olmaq üçün hər hansısa bir böyük biznesə və
yaxud da uğur hekayəsinə sahib olmaq kimi tələbimiz yoxdur.
Tələbimiz “AmCham Azerbaijan”la oxşar dəyərlərin paylaşılmasıdır.
Bu dəyərlər şəffaflıqdan, iqtisadi inkişafa töhfə verməkdən,
dürüstlükdən ibarətdir. Çünki “AmCham Azerbaijan”ın bazarda ciddi
biznes nüfuzu var. Biz bu nüfuzun qorunmasına çox həssas yanaşırıq.
Üzvlərimizin də biznes nüfuzunun təmiz, ləkəsiz olmasının üzərində
fokuslanırıq”.

“Üzvlük üçün əsas meyar böyük biznesə sahib olmaq deyil,
palatanın dəyərləri – şəffaflıq, dürüstlük və iqtisadi inkişafa
töhfə vermək prinsipləri ilə uzlaşmaqdır. Biz bazardakı nüfuzumuza
çox həssas yanaşırıq”, – o fikrini yekunlaşdırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir