
Bakı. Trend:
ABŞ-nin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)
regional və qlobal əhəmiyyət daşıyacaq.
Trend-in
məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ-nin vitse-prezidenti Cey Di Venslə birgə mətbuat konfransı
zamanı deyib.
“Biz Vaşinqton sammitinin əsas nailiyyətlərindən biri olan —
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)
layihəsinin ardıcıl şəkildə həyata keçirilməsinin vacibliyini
vurğuladıq. Bu ilin 13 yanvar tarixində Ermənistanın xarici işlər
naziri ilə ABŞ dövlət katibi arasında imzalanmış layihənin icrasına
dair çərçivə sazişinə uyğun olaraq təsdiqlədik ki, bu layihə ən
mühüm sülhyaratma dividendləri ilə yanaşı, Qərb və Şərq arasında
maneəsiz kommunikasiyanın inkişafına töhfə verərək regional və
qlobal əhəmiyyətə də malik olacaq”, – deyə o bildirib.
Paşinyanın sözlərinə görə, tərəflər layihənin icrası üzrə
hazırlıq işlərindən, eləcə də bir neçə gün əvvəl başlanmış
texniki-iqtisadi əsaslandırma tədqiqatlarında əldə olunan
irəliləyişdən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Tramp
ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekununda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan
Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi və Azərbaycanın əsas
hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin qurulması barədə
birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah
naminə Tramp Marşrutu” adını alıb.

