
Bakı.Trend:
ABŞ Ticarət Palatası hər il Azərbaycana biznes missiyaları
təşkil edir.
Bunu Trend-in
sualına cavab olaraq bu gün Bakıda keçirilən brifinq zamanı ABŞ
Ticarət Palatasının üzvlərlə beynəlxalq əlaqələr, Yaxın Şərq və
Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi bildirib.
“İstifadə etməyi planlaşdırdığımız alətlərdən biri illik biznes
missiyalarıdır. Biz onları hər il keçirməyi öhdəmizə götürmüşük.
Eyni zamanda ümid edirik ki, Azərbaycan hökuməti və özəl sektorunun
nümayəndələrini ABŞ-da qəbul edəcəyik ki, onlar daha geniş
auditoriya, o cümlədən Amerika şirkətləri və bizim nümayəndə
heyətimizlə görüşə bilsinlər”, – deyə o bildirib.
Çoksi qeyd edib ki, üçüncü istiqamət müxtəlif sektorların və
imkanların təhlilidir ki, sonradan bu məlumatlar Amerika
şirkətlərinə təqdim edilsin.
“Konkret misal çəkim: biz ABŞ səfirliyindəki həmkarlarımız və
Palata ilə nazirliklər arasında yaratdığımız əlaqələndirici şəxslər
vasitəsilə nazirliklərdən dövlət tenderləri barədə məlumat
toplayırıq. Bu imkanları daha sonra Amerika şirkətlərinə
ötürürük.
Nəhayət, bu davamlı bir prosesdir. Biz investisiyalar üçün
mümkün məhdudiyyətləri izləyir və onların aradan qaldırılması
yollarını axtarırıq – investisiyaların stimullaşdırılmasına kömək
edəcək analitik qeydlərin və ya siyasət üzrə təkliflərin
hazırlanması yolu ilə. Məsələn, maliyyə sektorunda Azərbaycanın
qlobal ödəniş sistemlərinə necə inteqrasiya oluna biləcəyini
araşdırırıq ki, bu da vəsaitlərin hər iki istiqamətdə hərəkətini
asanlaşdırır və kiçik biznesin daha geniş bazarlara çıxmasına kömək
edir. Bu, dünyanın müxtəlif ölkələrindən, o cümlədən ABŞ-dan olan
müştərilərə burada mallar və xidmətlər üçün ödəniş etmək imkanı
yaradır”, – deyə o əlavə edib.
Çoksi qeyd edib ki, Palata fəaliyyətini üç əsas istiqamət üzrə
davam etdirir:
- qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə illik
missiyalar və görüşlər; - şirkətlərin iştirakının yaxşılaşdırılması üçün ideyalar təqdim
edən analitik qeydlər və siyasət üzrə təkliflər; - Azərbaycanda gözlənilən tenderlər və satınalmalar barədə
məlumatların Amerika şirkətləri arasında yayılması.

