Özbəkistan TRIPP-i çoxsəviyyəli imkanlar platforması kimi dəyərləndirir – ekspert

Baş səhifə

Bakı. Trend:

Özbəkistan üçün TRIPP təşəbbüsü (Beynəlxalq Sülh və Rifah naminə
Tramp Marşrutu) ölkənin açıqlıq və iqtisadi modernləşmə
strategiyasına orqanik şəkildə inteqrasiya olunan çoxsəviyyəli
imkanlar platformasına çevrilə bilər.

Bunu Trend
sosioloji elmlər doktoru Azamat Seitov (Özbəkistan) bildirib.

“İlk növbədə, TRIPP Özbəkistan üçün keyfiyyətcə yeni
tranzit-logistika perspektivləri açır. Dünya okeanlarına birbaşa
çıxışı olmayan dövlət kimi Özbəkistan obyektiv olaraq nəqliyyat
marşrutlarının şaxələndirilməsində maraqlıdır”, – deyə ekspert qeyd
edib.

Onun sözlərinə görə, Cənubi Qafqaza və oradan da qərb
bazarlarına yönəlmiş alternativ dəhlizlərin inkişafı ənənəvi
istiqamətlərin məhdud sayından asılılığı azaltmağa, xarici
ticarətin dayanıqlığını artırmağa, ixracatçılar və idxalçılar üçün
logistika xərclərini azaltmağa imkan verəcək.

“Bu mənada TRIPP Özbəkistanın regional nəqliyyat-logistika
habına çevrilməsi istiqamətində milli səyləri tamamlayır”, – deyə
A. Seitov vurğulayıb.

O, həmçinin təşəbbüsün ticarət-iqtisadi ölçüsünə diqqət
çəkib.




“Layihədə iştirak multimodal marşrutlar vasitəsilə Özbəkistan
məhsullarının Avropa və Yaxın Şərq bazarlarına daha fəal çıxışı,
eləcə də malların emalı, saxlanması və daşınmasına xarici
tərəfdaşların cəlb edilməsi üçün şərait yaradır”, – deyə o
bildirib.

ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana planlaşdırılan
səfərindən danışan ekspert qeyd edib ki, bu səfər TRIPP-in təkcə
Cənubi Qafqaz üçün deyil, həm də daha geniş regional kontekstdə, o
cümlədən Mərkəzi Asiya üçün təşviqində mühüm mərhələ ola bilər.

“Hesab edirəm ki, cənab Vensin səfəri bu təşəbbüsün regionun
tranzit və infrastruktur gündəliyinin mühüm tərkib hissəsi kimi
həyata keçirilməsinə töhfə verəcək. Bu gün ABŞ TRIPP-i Cənubi
Qafqazda sülh gündəliyinin möhkəmləndirilməsi və
ticarət-infrastruktur inteqrasiyasının gücləndirilməsi üçün
strateji layihə kimi dəyərləndirir ki, bu da Mərkəzi Asiya da daxil
olmaqla qonşu regionlara birbaşa təsir göstərə bilər”, – deyə o
əlavə edib.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.

2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək
TRIPP layihəsinin həyata keçirilməsi üçün çərçivə proqramını təqdim
ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir