
Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) Avropa
ilə Asiya arasında daha geniş əlaqələrin qurulmasına töhfə
verəcək.
Bu barədə Trend-ə
ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bildirib.
“TRIPP Orta Dəhlizin və ya ‘Yeni İpək Yolu’nun mühüm tərkib
hissəsidir. TRIPP şübhəsiz ki, Naxçıvanla Azərbaycanın əsas hissəsi
arasında etibarlı quru əlaqələrinin təmin edilməsi baxımından
vacibdir. Lakin bu yeni marşrutun Avropa ilə Mərkəzi, Şərqi və
Cənubi Asiya ölkələri arasında daha geniş əlaqələrin inkişafına
töhfə vermək potensialı da az əhəmiyyət kəsb etmir. Bu əlaqələr
yalnız dəmir yolu və ya avtomobil nəqliyyatı ilə məhdudlaşmayacaq,
ümid edirəm ki, rəqəmsal və kabel kommunikasiya imkanlarının da
yaxşılaşdırılmasını əhatə edəcək. Həmçinin daha bir məqamı da
qiymətləndirməmək olmaz: ümid edirəm ki, bu təşəbbüs regionda
insanlar arasında təmasların artmasına imkan yaradacaq ki, bu da
innovasiyalara, ticarətə, rifaha, eləcə də Cənubi Qafqazda, Mərkəzi
Asiyada və ondan kənarda yaşayan hər kəs üçün qarşılıqlı anlaşmaya,
sülhə və təhlükəsizliyə töhfə verəcək”, – deyə o qeyd edib.
Sekuta Amerikanın təkcə şirkətlərinin deyil, həm də adi
vətəndaşlarının TRIPP-in və Orta Dəhlizin digər komponentlərinin
inkişaf etdirilməsində ermənilər və azərbaycanlılara qoşulacağına
ümid etdiyini bildirib.
“Ümid edirəm ki, vitse-prezident Vensin regiona səfəri də
amerikalılara verə biləcəkləri mühüm töhfəni görməyə kömək edəcək
və onları regionla daha fəal əməkdaşlığa ruhlandıracaq”, – deyə o
əlavə edib.
Sekuta vurğulayıb ki, vitse-prezidentin səfəri ABŞ-nin regiona
marağını və Amerikanın azərbaycanlılara və ermənilərə uzun müddət
əlçatmaz olmuş sülhün bərqərar olması və möhkəmləndirilməsi
istiqamətində göstərdiyi səylərin miqyasını açıq şəkildə nümayiş
etdirir.
“Bu səfər göstərir ki, heç kimin şübhəsi olmamalıdır: ABŞ
Azərbaycan və Ermənistanın, eləcə də Mərkəzi Asiya və Cənubi
Qafqazın digər ölkələrinin dostu olmaq istəyir. Həmçinin qeyd etmək
vacibdir ki, ABŞ-nin son illərdəki bu səyləri Prezident İlham
Əliyev və Baş nazir Nikol Paşinyanın Ermənistanla Azərbaycan
arasında uzunmüddətli münaqişənin həlli istiqamətində atdıqları
addımlara əsaslanır. ABŞ hər hansı bir razılaşmanı zorla qəbul
etdirməyə çalışmır, əksinə, iki lideri və onların ölkələrini yeni
və dayanıqlı sülhün tapılması və möhkəmləndirilməsi istiqamətində
dəstəkləyir. Bütövlükdə, Ermənistanla Azərbaycan arasında ABŞ-nin
qətiyyətli və açıq dəstəyi ilə baş verənlər çox müsbət bir haldır,
bu cür hallara müasir dünyada nadir hallarda rast gəlinir”, – deyə
o yekunlaşdırıb.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat
Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək
TRIPP layihəsinin həyata keçirilməsi üçün çərçivə proqramını təqdim
ediblər.

