Azərbaycanın Merlər Razılaşmasında iştirakı onun qlobal iqlim məqsədlərinə sadiqliyini nümayiş etdirir – Səfir

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın Merlər Razılaşması təşəbbüsündə iştirakı milli
inkişaf prioritetlərinə hörmət etməklə yanaşı, qlobal iqlim
məqsədlərinə sadiqliyini nümayiş etdirir.

Trend xəbər verir
ki, bu barədə bu gün Avropa İttifaqının Azərbaycandakı səfiri
Mariyana Kuyundziç Bakıda Azərbaycanın Energetika Nazirliyi
tərəfindən Aİ ilə birgə təşkil olunan “Merlər Razılaşması”
Təşəbbüsünə dair tədbirdə çıxışı zamanı bildirib.

“Merlər Razılaşması təşəbbüsü şəhərlərə liderlik nümayiş
etdirmək, iqlim öhdəlikləri götürmək və milli məqsədləri konkret
addımlara çevirmək üçün möhkəm zəmin yaradır. Merlər Razılaşmasına
qoşulan bələdiyyələr könüllü şəkildə istixana qazı emissiyalarını
azaltmaq, iqlim dəyişikliklərinə davamlılığı artırmaq, enerji
səmərəliliyini yüksəltmək və dayanıqlı həlləri inkişaf etdirmək
öhdəliyi götürürlər”, – deyə o qeyd edib.




Onun sözlərinə görə, bu, sadəcə siyasi öhdəlik deyil,
məlumatlara əsaslanan planlaşdırma, iqlim üzrə fəaliyyət planları,
beynəlxalq əməkdaşlıq, texniki ekspertiza və maliyyələşmə
imkanlarına söykənən praktik yol xəritəsidir.

“Sözügedən sazişdə Azərbaycanın iştirakı milli inkişaf
prioritetlərinə hörmət etməklə yanaşı, qlobal iqlim məqsədlərinə
sadiqliyini nümayiş etdirir. Enerji sektoru emissiyaların ən böyük
mənbəyidir, lakin eyni zamanda dəyişikliklər üçün ən böyük
potensiala malik sahədir. Əsas istiqamətlər sırasında ictimai
binaların, məktəblərin, xəstəxanaların və yaşayış evlərinin enerji
səmərəliliyinin artırılması, xüsusilə bələdiyyə infrastrukturunda
günəş və külək kimi bərpa olunan enerji mənbələrinin inkişafı,
həmçinin yerli paylayıcı şəbəkələrdə enerji itkilərinin azaldılması
yer alır”, – deyə səfir vurğulayıb.

M.Kuyundziç qeyd edib ki, enerji səmərəliliyi təkcə iqlim həlli
deyil: bu, bələdiyyə büdcələrinin xərclərini azaldır, enerji
təhlükəsizliyini gücləndirir və ev təsərrüfatlarının elektrik
enerjisi üzrə ödənişlərini aşağı salır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir