
Bakı. Trend:
Kinematoqrafiyaya dövlət himayəsinin əsas formaları
genişləndiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xarici prodüserləri Azərbaycan
Respublikasının ərazisində film istehsalına cəlb etmək üçün
təşviqedici tədbirlərin həyata keçirilməsi kinematoqrafiyaya dövlət
himayəsinin əsas formaları siyahısına əlavə ediləcək.
Belə ki, dəyişikliklə xarici prodüserlərin Azərbaycan
Respublikasının ərazisində film istehsalına cəlb edilməsi dövlət
siyasətinin ayrıca istiqaməti kimi təsbit olunacaq. Bu, ölkənin
beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın
inkişafına xidmət edəcək.
Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil
ediləcək:
- film istehsalı – film çəkilişinə
hazırlıq, film çəkilişi və film çəkilişinin tamamlanması
mərhələlərini özündə əhatə edən proses; - film çəkilişinə hazırlıq – filmin
ideyasının yaranması, konsepsiyasının hazırlanması, ssenarisinin
yazılması və film çəkilişi məqsədilə digər inzibati və texniki
məsələlərin həlli ilə əlaqədar işləri əhatə edən proses; - film çəkilişi – filmin bilavasitə
kinolentə və ya digər daşıyıcıya çəkilişini təmin edən
fəaliyyətləri əhatə edən proses; - filmin çəkilişinin tamamlanması –
çəkilmiş kadrların redaktəsini, filmin vizual, səs və rəng
işləmələrini, effekt, titr və qrafik tərtibatını əhatə edən
proses; - xarici prodüser – əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan
prodüser;
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

