
Bakı. Trend:
Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film
istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş
xərclər qismən geri ödəniləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, xarici və birgə istehsal filmlərinin
istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən
etdiyi qaydada şərtlərlə həyata keçiriləcək.
Bununla bağlı qanuna aşağıdakı yeni anlayışlar daxil
ediləcək:
- xarici film – bütövlükdə xarici
prodüser (prodüserlər) tərəfindən istehsal edilən film; - birgə istehsal filmi – yerli və
xarici prodüserlərin birgə istehsal etdikləri və milli film hesab
edilməyən film; - xarici prodüser – əcnəbi və ya
vətəndaşlığı olmayan şəxs və ya xarici hüquqi şəxs olan
prodüser;
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
birinci oxunuşda qəbul edilib.

