
Bakı. Trend:
İran regional sülh və təhlükəsizliyin qorunması naminə
diplomatiyaya sadiqliyini nümayiş etdirir.
Trend-in
məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Muctaba
Dəmirçilu bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci
illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, İran İslam Respublikası öz suverenliyinin
və milli təhlükəsizliyinin müdafiəsində qətiyyətli olduğu kimi,
İran xalqının maraqlarının təmin edilməsinə çalışır.
Dəmirçilu deyib ki, diplomatiyanın əsasını milli suverenliyə
hörmət və qarşılıqlı maraqlar təşkil edir.
“Bu baxımdan təhdid, zorakılıq və birtərəfli, qeyri-qanuni
imtiyaz tələblərinə əsaslanan danışıqların səmərəli nəticə verməsi
mümkün deyildir. İran balanslaşdırılmış xarici siyasət kursuna
əsaslanaraq qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə, yeni
yaranan güclərlə əməkdaşlığın genişləndirilməsinə və mühüm regional
və beynəlxalq təşkilatlarda fəal iştiraka xüsusi önəm verir. İran
regionda və beynəlxalq müstəvidə məsuliyyətli, müstəqil və nüfuzlu
bir aktor kimi daim sülhün, sabitliyin və dayanıqlı inkişafın təmin
olunması üçün dialoqu, çoxtərəfliliyi və əməkdaşlığı dəstəkləyir,
bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq
münasibətlərinin inkişafına çalışır”, – deyə o qeyd edib.

