
Bakı.Trend:
Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən
“World Defence Show 2026” sərgisi davam edir.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Bildirilir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının
müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 10-da Səudiyyə
Ərəbistanı Hərbi Sənaye Baş İdarəsinin sədri Əhməd bin Əbdüləziz
əl-Ohali və müdafiə nazirinin icra işləri üzrə müavini Xalid bin
Hüseyn Əl-Biyari, Özbəkistan Respublikasının Müdafiə Nazirliyi
yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon
İbodullayev, Pakistan İslam Respublikası Müdafiə İstehsalatı
Nazirliyinin katibi Məhəmməd Çıraq Hayder, həmçinin Amerika
Birləşmiş Ştatlarının “General Dynamics”, “Teledyne-FLIR” və
“Ansys” şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri
nəzərdən keçirilib və inkişaf perspektivləri müzakirə edilib.
Danışıqlar zamanı müasir dövrdə müdafiə sənayesinin təkcə
istehsal gücü ilə deyil, eyni zamanda elmi əsaslar, innovativ
texnologiyalar və çevik idarəetmə modelləri üzərində formalaşdığı
vurğulanıb, sənaye ilə elm arasında əlaqələrin gücləndirilməsinin
strateji əhəmiyyət daşıdığı qeyd edilib. Texnoloji yeniliklərin
izlənilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və uyğunlaşdırılması
bu sahənin dinamik inkişafı üçün vacib istiqamətlər kimi
dəyərləndirilib. Eyni zamanda, beynəlxalq sərgilərin və forumların
bu prosesdə mühüm rol oynadığı bildirilib.
Müzakirələr zamanı təcrübə mübadiləsinin institusional əsaslar
üzərində qurulmasının əhəmiyyətinə toxunulub.
Tərəflər qarşılıqlı ünsiyyətin davam etdirilməsinin vacibliyini
vurğulayıblar.
Qeyd edək ki, “World Defence Show 2026” sərgisi fevralın 12-də
başa çatacaq.

