bp “Şəfəq” günəş enerjisi layihəsinin 10% iştirak payını satdı

Baş səhifə

Bakı. Trend:

Bu gün bp “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətinin 10%
iştirak payının “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıldığını
elan edib.

Trend bp-yə
istinadən xəbər verir ki, bununla bp-nin Cəbrayıl rayonunda həyata
keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə
müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.

Beləliklə, Şəfəq günəş enerjisi layihəsində paylar indi belədir:
bp 40.01%, “SOCAR Green” 39.99%, Azərbaycan Biznesinin İnkişafı
Fondu (ABİF) 10% və MVM 10%.

Qeyd edilib ki, 240 MVt gücündə olan bu günəş enerjisi
layihəsinin ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal
edəcəyi və bununla Səngəçal terminalının elektrikləşdirilməsi
layihəsinə dəstək verəcəyi gözlənilir.




“Şahdəniz layihəsindəki uğurlu əməkdaşlığımızın davamı olaraq
MVM şirkətinin Şəfəq günəş enerjisi layihəsi üzrə birgə müəssisəyə
qoşulmasından çox məmnunuq. MVM bu layihəyə enerji sistemlərinin
istismarı və ötürülməsinin idarə edilməsi sahəsində öz geniş
təcrübəsi ilə gəlir. İnanırıq ki, onların bu birgə müəssisəyə
qoşulması ilə elə bir əməkdaşlıq nümunəsi yaranır ki, orada biz
layihənin ümumi dəyərini, dayanıqlılığını və uzunmüddətli
fəaliyyətini daha da artırmaq məqsədilə bir-birimizdən öyrənə
bilərik”, – bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional
prezidenti Cio Kristofoli bildirib.

Məlumatda vurğulanıb ki, “Şəfəq” günəş enerjisi layihəsi ötən il
yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli
dərəcədə irəliləyib – layihə üzrə əsas müqavilələr imzalanıb,
tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi
qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində
yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən
biridir – işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin
yaradılacağı gözlənilir.

Məlumata əsasən, tikinti işlərinin 2027-ci ildə başa çatması
planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə
stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal
edəcəyi gözlənilir.

Qeyd edək ki, “Şəfəq” günəş enerjisi layihəsi Səngəçal
terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual
enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə
sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji
ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun
üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni
obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası
inşa ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir