Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank və
bazarda aktiv fəaliyət göstərən akademiyalardan biri “Div
Academy”nin birgə təşəbbüsü ilə həyata keçirilən “AI for Good” süni
intellekt təlim proqramının rəsmi açılış mərasimi keçirilib.
Sosial yönümlü proqram valideynini itirmiş, 18–23 yaş aralığında
olan gənclər arasında böyük maraq doğurub. Ümumilikdə 457 nəfər
proqrama müraciət edib. Namizədlərin bilik səviyyəsi, motivasiyası
və inkişaf potensialı əsasında aparılan çoxmərhələli seçim prosesi
nəticəsində 148 nəfər ikinci mərhələyə vəsiqə qazanıb. Növbəti
mərhələdə bu iştirakçılar arasından 46 nəfər seçilərək daha dərin
qiymətləndirmə mərhələsinə keçib. Hazırda isə bu namizədlər
arasından 20 iştirakçı yekun seçim mərhələsində
müəyyənləşdirilib.
Seçilmiş iştirakçılar üç ay davam edəcək təlim proqramı
çərçivəsində süni intellektin əsas anlayışları, no-code
texnologiyaları və bu alətlərin praktiki tətbiqi üzrə bilik və
bacarıqlar əldə edəcəklər. Tədris prosesi mentorluq görüşləri və
praktiki layihələrlə müşayiət olunacaq.
Layihə “PAŞA Bank”ın sosial məsuliyyət strategiyasına uyğun
olaraq gənclərin inkişafına, rəqəmsal savadlılığın artırılmasına və
gələcək peşə perspektivlərinin genişləndirilməsinə töhfə verməyi
hədəfləyir. Bank fəaliyyətə başladığı gündən insan kapitalının
inkişafını, biliklərin paylaşılmasını və regional potensialın
gücləndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirib.
“PAŞA Bank” gələcəkdə də gənclərin təhsil və karyera imkanlarını
genişləndirən layihələrə imza atmağa davam edəcək.






