
Bakı.Trend:
Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət
hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı dövrün və
zamanın tələbindən irəli gəlir. Qərar şəxsi həyatın toxunulmazlığı
sahəsində beynəlxalq standartların ölkəmizdə tətbiqi zərurətini
rəhbər tutmaqla, Azərbaycan Respublikası Konstitusiyasının “Şəxsi
həyatın toxunulmazlığı” adlı 32-ci maddəsi baxımından real tətbiq
mexanizmi yaradır. Bu mexanizm isə təkcə ayrı-ayrı şəxslər deyil,
eyni zamanda, media fəaliyyəti üçün də yeni baxışlar
formalaşdırmalıdır.
Trend xəbər
verir ki, bu barədə Mətbuat Şurasının Ali Məhkəmənin “Şəxsiyyət
hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarı ilə bağlı
şərhində bildirilir.
Qeyd edək ki, 2016-cı il sentyabrın 26-da keçirilmiş
Referendumda əsas qanunun sözügedən 32-ci maddəsinə VI, VII və VIII
hissələr əlavə edilmişdi. Həmin əlavələrdə birincisi, qanunla
müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında
məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində
aparılan informasiya ehtiyatlarına daxil olmağın qadağan edildiyi,
ikincisi, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə
etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim
xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi
digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi
həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair
məlumatların açıqlanması üçün istifadə edilə bilməzliyi, üçüncüsü,
fərdi məlumatların dairəsinin, onların emalının, toplanmasının,
ötürülməsinin, istifadəsinin və mühafizəsinin şərtlərinin qanunla
müəyyənləşdirildiyi vurğulanırdı.
Ümumən, konstitusiyanın 32-ci maddəsindən və sadalanan
prinsiplərdən qaynaqlanan Ali Məhkəmə Plenumunun qərarı
müəyyənləşdirir ki, bir şəxs haqqında hansısa faktın doğruluğu
belə, həmin faktın informasiyaya çevrilməsinə, daha doğrusu, faktın
dərhal yayıla bilməsinə zəmin yaratmır. Çünki şəxsin razılığı
olmadan onun özəl məlumatlarının, ailə həyatına dair bilgilərin
toplanması, saxlanılması və yayılması hüquqa ziddir. Bu baxımdan
tibbi məlumatlar, maliyyə, əmlak vəziyyəti, şəxsi yazışmalar,
ailədaxili münasibətlər, uşaqların sağlamlığı və digər həssas
məlumatlar fərqləndirilir.
Ali Məhkəmə bildirir ki, əvvəllər bir şəxs digər şəxsə qarşı
yalan məlumatlar yaydığı halda, şərəf və ləyaqətin müdafiəsi
institutundan istifadə etməklə tələblər irəli sürülüb, lakin
məlumatın həqiqiliyi ortaya çıxdıqda iddialar təmin olunmayıb.
Artıq bu duruma son qoyulur. Çünki yeni qərar şəxsi toxunulmazlıq
hüququnu şərəf və ləyaqətin müdafiəsi hüququndan fərqləndirir.
Yəni, şəxsi toxunulmazlıq hüququ konstitusion mənada şəxsi və ailə
həyatının məxfiliyinin qorunmasını nəzərdə tutmaqla, hər bir fərdin
şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü
rahat və təhlükəsiz hiss etməsinə xidmət edir: “Ali Məhkəmə
qərarında şəxsi toxunulmazlıq hüququnun mühüm institutu olan, lakin
bu vaxtadək məhkəmə mübahisələrinin içində digərlərinə nisbətən
müdafiədən kənarda qalan şəxsi və ailə həyatına hörmət hüququnu
geniş şərh edərək ön plana çıxarmışdır”.
Maraqlı məqamlardan biri də budur ki, qanun təkcə şəxsi və ailə
həyatına dair məlumatları qorumaqla kifayətlənmir, şəxsin mənzili,
avtomobili, xidməti otağı, ləvazimatları, habelə şəxsi xüsusiyyətə
malik digər əşyaları, ona məxsus heyvanları, bitkiləri və digər
obyektləri də qoruyur. Yəni, sadalanan xüsusdakı bilgilərin qarşı
tərəfin razılığı olmadan, yaxud razılığına zidd yayılması da
yolverilməzdir ki, dünyanın bir çox ölkələrində bu praktikaya
müraciət halları var. Eyni zamanda, şəxsi və ailə sirri təşkil edən
məlumatların qorunmasına mükəlləf qurumların, şəxslərin həmin
məlumatları yaymasına görə məsuliyyət növlərinin
müəyyənləşdirilməsi də.
Ali Məhkəmə Plenumunun qərarında daha iki mühüm məqam var ki,
onlardan birincisi məlumatların yayılmasına şəxsin öz razılığı
məsələsi, digəri isə məlumatların ictimaiyyətə açıqlığıdır. Bir
şəxs internet resursunda əlaqə məlumatlarını, həyatını,
xəstəliyini, gördüyü işləri, iş ortaqlarını və sairi paylaşırsa,
bu, şəxsin özünün həmin məlumatları ictimaiyyətə açıqlaması hesab
edilir. Deməli, bu bilgilərdən istifadə heç bir məsuliyyət
yaratmır. Şəxsin öz razılığı ilə paylaşılan bilgilərin
informasiyaya çevrilməsi də həmçinin. Əlbəttə, şəxsin özünün
paylaşdığı bilgilərin informasiya çevrilməsindəki məsxərə və
aşağılayıcı ton, bu kimi hallara ayrıca hüquqi qiymət verilməsini
aktuallaşdırır.
Plenum qərarındakı vacib məqamlardan biri də yayılmış
məlumatların cəmiyyətin maraq dairəsində olması məsələsidir.
Qərarda belə məlumatların mülki hüquq pozuntusu hesab edilməməsi
vurğulanır. Bu, son dərəcə vacib məqamdır və jurnalist fəaliyyəti
ilə daha sıx bağlıdır. Nəzərə alaq ki, media və jurnalistlər
ictimai nəzarət funksiyası yerinə yetirirlər və onların mövcud
ampluada təmasda olduqları şəxslər cəmiyyətin maraq
dairəsindədirlər. Yəni, jurnalist fəaliyyəti məhz həmin marağın
qarşılanmasını rəhbər tutur.
Deməli, publik şəxslərin davranışlarının, qərarlarının və
fəaliyyətinin cəmiyyətə birbaşa və ya dolayı şəkildə təsir etməsi
amili əsasdır və bu amil onların şəxsi həyatının da ictimai
nəzarətə açıqlığını, bir növ, normaya çevirir. Onu da nəzərə alaq
ki, sıravi şəxslərlə müqayisədə publik şəxsləri tənqidetmənin
yolverilən hədləri daha genişdir. Amma Ali Məhkəmə çox doğru olaraq
ictimai marağın aşılmasının yolverilməzliyini vurğulayır və misal
gətirir, daha doğrusu, müqayisə aparır: “Məsələn, jurnalist yerli
özünüidarə orqanının rəhbərinin rəsmi gəlirləri ilə uyğun gəlməyən
lüks mənzil və avtomobillərə sahib olması, habelə uşağının
anadangəlmə qüsurlu olması barədə ictimaiyyətə məlumat verir.
Şəxsin əmlak vəziyyəti ilə bağlı göstərilən hallar şəxsi məlumat
olsa da, cəmiyyətin legitim maraq dairəsinə daxildir, bu məlumatın
yayılması pozuntu hesab edilə bilməz. Lakin, uşağın fiziki qüsurlu
olması ilə bağlı məlumatlar şəxsi və ailə həyatına hüquqazidd
müdaxilə hesab olunacaq, çünki, həmin şəxsin publik vəzifələrinin
icrası baxımından hər hansı ictimai maraq kəsb etmir”.
Nəhayət, Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Şəxsiyyət
hüquqlarının müdafiəsi haqqında” yeni Plenum qərarının məğzində
dayanan mühüm amillərdən biri də məsuliyyətdir. Söhbət şəxsi
məlumatların yayılmasına görə nəzərdə tutulan məsuliyyətdən gedir.
Aydındır ki, qərar məsuliyyətin müəyyənləşdirilməsində çətinliyin
yaranmasından, indiyədək tətbiq edilən mübahisələndirmə
mexanizminin zəifliyindən qaynaqlanır.
O da aydındır ki, şəxsi məlumatların yayılmasına görə
məsuliyyət, həmçinin, medianın məsuliyyəti belə məlumatların
yayılma arealının genişliyindən asılı olaraq müəyyənləşəcək.
Əlbəttə, qanunazidd bilgilər televiziya və radioda yayılırsa, daha
böyük maddi təzminatdan söhbət gedəcək. Habelə, geniş əhatə
dairəsinə malik sosial şəbəkələr vasitəsilə həyata keçirilən
yayımın da kütləvilik durumu zərərin həcmini artıracaq.
Ancaq sırf sosial şəbəkə seqmentində yer almış hansısa bilgi
paylaşımının mübahisələndirilməsi zamanı, müvafiq olaraq nəzərdə
tutulacaq məsuliyyətin dəqiqliyi üçün həmin bilginin yayım
arealının özünün hüquqi qiymətləndirilməsi üçün əlavə qanuni
mexanimzə ehtiyac yarana, bu kimi durumlarda sosial şəbəkələr
baxımından müəyyən texniki parametrlərə diqqət yetirilməsi
zəruriləşə bilər. Məsələn, qanunsuz bilgini yayan sosial şəbəkə
profilinə baxış sayının və bu sayın cəmiyyətə təsirinin
hesablanmasının nəzərdən keçirilməsi məqsədi ilə ayrıca
dəyərləndirmənin aparılması mümkündür ki, bu prosedurun da hüquqa
söykənməsi vacibdir.

