
Bakı. Trend:
Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA
Bank beynəlxalq maliyyə nəşri International
Investor tərəfindən 2026-cı il üzrə eyni vaxtda iki əsas
kateqoriyada — “Azərbaycanın ən yaxşı bankı” və
“Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq
görülüb. Bu mükafatlar Bankın qeyri-neft sektorunun, xüsusilə də
kiçik və orta sahibkarlığın inkişafına verdiyi davamlı töhfələrin
beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Nəşrin mükafat laureatlarına həsr olunmuş xüsusi buraxılışında
PAŞA Bank-ın 2025-ci ildə əldə etdiyi əsas strateji və
maliyyə nailiyyətləri geniş şəkildə təqdim olunub. Burada
Bankın yüksək müştəri təcrübəsi, inkişaf etmiş rəqəmsal imkanları,
innovativ məhsul portfeli, əməliyyat səmərəliliyi, ESG və
dayanıqlıq təşəbbüsləri, eləcə də insan kapitalının inkişafına
yönəlmiş fəaliyyətləri xüsusilə vurğulanıb.
PAŞA Bank-ın İdarə Heyətinin sədri Cavid
Quliyev bildirib ki, əldə olunan bu nailiyyətlər Bankın
ölkə iqtisadiyyatının real sektorunda oynadığı rolu və uzunmüddətli
maliyyə tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir:
“2025-ci il PAŞA Bank üçün güclü maliyyə artımı və strateji
inkişaf ili oldu. Biznes kredit portfelimiz 3,1 milyard manatı
ötərək rekord səviyyəyə çatdı, ödəniş dövriyyəmiz isə 69,7 milyard
manata yüksəldi. Bu göstəricilər real sektorun və KOS-ların artan
maliyyə ehtiyaclarına çevik cavab verdiyimizi nümayiş etdirir.
Rəqəmsal kredit məhsulları və avtomatlaşdırılmış həllər vasitəsilə
KOS-ların maliyyə əlçatanlığını artıraraq, onların biznes
proseslərini sürətləndirməyə və resurslardan daha səmərəli istifadə
etmələrinə dəstək olmuşuq”.
Qeyd edək ki, PAŞA Bank 2025-ci ildə real
sektorun dayanıqlı inkişafına verdiyi töhfələrə görə
Euromoney və International Investor tərəfindən
“Azərbaycanın ən yaxşı bankı” elan edilib. Bank
eyni zamanda Stevie Awards tərəfindən “İlin
şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını
qazanan ilk Azərbaycan bankı olub.

