
Bakı. Trend:
Son dövrlər beynəlxalq münasibətlər sistemində baş verən
transformasiyalar fonunda Azərbaycanın geosiyasi çəkisi və
diplomatik manevr imkanları əhəmiyyətli dərəcədə artıb. Enerji
təhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və regional
sabitliyin təmin olunmasında oynadığı rol ölkəmizi qlobal güclər
üçün etibarlı tərəfdaşa çevirib. Məhz bu reallıqlar fonunda
dünyanın aparıcı dövlətlərinin Azərbaycanla strateji tərəfdaşlıq
münasibətlərini dərinləşdirməyə xüsusi maraq göstərməsi diqqət
çəkir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Politoloq qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının
Vitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri də bu kontekstdə
qiymətləndirilməli, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə
qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi
dəyərləndirilməlidir:
“Azərbaycanın artan geosiyasi çəkisi və regional rolu dünyanın
aparıcı dövlətləri üçün ölkəmizi etibarlı və strateji tərəfdaş kimi
ön plana çıxarıb. Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində Ağ
Evdə Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Trampla görüşü zamanı verilən mesajlar hələ də
beynəlxalq diplomatiya gündəmində əhəmiyyətli nüanslar daşıyır.
Məhz həmin görüşdə paraflanmış sənədlər və müəyyənləşdirilmiş
strategiyalar sonrakı diplomatik addımların, o cümlədən Cey. Di.
Vensin Bakıya səfərinin zəminini yaratdı”.
Azər Qarayev bildirib ki, bu səfər, Vaşinqton–Bakı xəttində
formalaşan institusional və strateji əməkdaşlığın ardıcıl
inkişafını nümayiş etdirir və Prezident İlham Əliyevin ABŞ
administrasiyası ilə, xüsusən Prezident Trampla uzunmüddətli
etimada əsaslanan münasibətlərinin davamlı xarakter daşıdığını
göstərir:
“ABŞ dövlətinin Azərbaycana yüksək səviyyəli nümayəndə səfəri,
Prezident İlham Əliyevin son illərdə regional və qlobal müstəvidə
etibarlı və nüfuzlu lider kimi mövqeyinin birbaşa təsdiqi və
strateji diplomatiyada əldə olunmuş etimadın açıq ifadəsi kimi
diqqət çəkir. Cey. Di. Vensin Bakıya səfəri Vaşinqton–Bakı
dialoqunda əldə edilmiş etimadın, qarşılıqlı strateji baxışların və
davamlı əməkdaşlıq iradəsinin göstəricisi olaraq, Azərbaycan
diplomatiyasının yüksək səviyyədə təşkil olunmasının və Prezident
İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun birbaşa
nəticəsidir. Bu səfər həm də ABŞ ilə tərəfdaşlığın institusional
əsaslarla möhkəmləndirilməsi, diplomatik dialoqun daha şəffaf və
ardıcıl xarakter alması baxımından əhəmiyyətli siyasi mesaj
daşıyır”.
Politoloqun fikrincə görüşün nəticəsi olaraq imzalanmış Strateji
Tərəfdaşlıq Xartiyası Azərbaycanın beynəlxalq səviyyədə etibarının
möhkəmlənməsinə, enerji təhlükəsizliyi və regional stabillik
sahəsində aktiv rolunun tanınmasına, eləcə də strateji və iqtisadi
əməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradır:
“Dünyanın aparıcı dövlətinin Azərbaycana göstərdiyi diqqət,
ölkəmizi qlobal siyasət və iqtisadi proseslərdə etibarlı tərəfdaş
kimi mövqeləndirir. Eyni zamanda, Xartiya tərəflər arasında
qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarını
möhkəmləndirir, Azərbaycanın strateji tərəfdaş kimi rolunu davamlı
olaraq təsdiqləyir.
Cey. Di. Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq
Xartiyası Azərbaycanın beynəlxalq səhnədə mövqeyini yalnız simvolik
olaraq möhkəmləndirmədi; bu, ölkəmizə strateji təsir imkanlarını
genişləndirən konkret platforma yaratdı.
Politoloq Azər Qarayev həmçinin bildirib ki, Azərbaycan–ABŞ
Strateji Tərəfdaşlıq Xartiyası ölkəmizin regional və qlobal
diplomatik rolunu sistemli və institusional çərçivədə gücləndirən
unikal sənəddir.
“Bu Xartiya yalnız ikitərəfli münasibətləri normativ və hüquqi
baza ilə təmin etmir, eyni zamanda enerji təhlükəsizliyi,
nəqliyyat-logistika dəhlizləri, rəqəmsal infrastruktur və regional
stabillik kimi strateji sahələrdə Azərbaycanın öncül rolunu
beynəlxalq səviyyədə təsdiqləyir.
Strateji Tərəfdaşlıq Xartiyası, süni intellekt və rəqəmsal
infrastruktur sahələrində Azərbaycan və ABŞ arasında əməkdaşlığı
sistemli şəkildə təşviq edərək, ölkəmizi gələcək texnoloji və
innovasiya liderliyi üçün strateji platformaya çevirir. Xartiya
çərçivəsində rəqəmsal infrastrukturun inkişafı, AI tətbiqlərinin
tədqiqi, inkişafı və kommersiyalaşdırılması, eləcə də
kibertəhlükəsizlik sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi
qarşılıqlı öhdəlik kimi müəyyən edilmişdir. Bu, yalnız texnoloji
tərəqqinin sürətləndirilməsinə xidmət etmir, həm də Azərbaycan
Respublikasının qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını
gücləndirir, strateji layihələrdə özəl sektorun aktiv iştirakını
təmin edir və beynəlxalq standartlara uyğun innovasiya sisteminin
yaradılmasına imkan verir.
Politoloqun fikrincə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycan
və ABŞ arasında hərbi və müdafiə əməkdaşlığını yalnız texniki və
operativ səviyyədə deyil, institusional və strateji çərçivədə də
möhkəmləndirir.
“Xartiya çərçivəsində müdafiə sənayesi məhsullarının tədarükü,
terrorizm və digər qlobal təhlükələrə qarşı birgə mübarizə,
həmçinin kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunması
sahəsində əməkdaşlıq konkret öhdəlik kimi müəyyən edilib. Bu
müddəalar, Azərbaycanın regional təhlükəsizlik sistemində etibarlı
və strateji tərəfdaş kimi rolunu möhkəmləndirməklə yanaşı,
beynəlxalq səviyyədə müdafiə və sülhməramlı təşəbbüslərdə aktiv
iştirak imkanlarını genişləndirir. Xartiya, həmçinin humanitar
minatəmizləmə və təhlükəsizlik sahəsində texnoloji dəstək
vasitəsilə Azərbaycan Respublikasının həm milli, həm də regional
sabitliyə verdiyi töhfəni sistemli şəkildə təsdiqləyir”.
Xartiyanın regional bağlantılar, Orta Dəhliz layihələri ilə
bağlı məqamlarının əhəmiyyətini də qabardan politoloq bildirib ki,
sənədin bu özəllikləri sayəsində Azərbaycanın qlobal nəqliyyat və
ticarət şəbəkələrində strateji mövqeyi güclənir.
“Bu təşəbbüslər yalnız multimodal logistikanın və enerji-tranzit
infrastrukturunun inkişafına xidmət etmir, həm də Azərbaycan və
Naxçıvan arasında maneəsiz əlaqələri təmin edir, regionun
beynəlxalq ticarət potensialını artırır. Eyni zamanda, Xartiya
iqtisadi sərmayələr və biznes mühitinin genişləndirilməsinə xüsusi
diqqət yetirərək, dövlət və özəl sektorları birgə fəaliyyətə
səfərbər edir, innovasiya və rəqəmsal infrastruktur sahələrinə
sərmayələri təşviq edir, Azərbaycanın qlobal iqtisadiyyata
inteqrasiyasını sürətləndirir və strateji iqtisadi təsir
imkanlarını artırır.
Beləliklə, səfər və xartiyanın imzalanması Azərbaycanın yalnız
mövcud diplomatik potensialını təsdiqləmir, həm də gələcəkdə
strateji təşəbbüslərini daha əlçatan, təsirli və beynəlxalq
səviyyədə dəyərli edir”, – Azər Qarayev vurğulayıb.

