
Bakı. Trend:
11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası
Audiovizual Şurasının iclası keçirilib. İclasda lisenziya üçün
müraciətlərə baxılıb.
Trend bu barədə
şuraya istinadən xəbər verir.
Bildirilib ki, təqdim olunmuş sənədlərin və iqtisadi
əsaslandırmanın yoxlanılması, habelə yerində keçirilmiş baxışın
nəticələri əsasında Audiovizual Şura “Kinobox” MMC-yə sifarişli
yayım xidməti provayderi lisenziyasının (xidmət adı: “Kinobox”
olmaqla) verilməsi haqqında qərar qəbul edilib.
İclasda həmçinin, “Mahnı” MMC-nin lisenziya alınması üçün
müraciəti müzakirə olunmuşdur. Ərizəçinin sənədlərinə, iqtisadi
əsaslandırmasına, habelə texniki və proqram təminatına baxışın
nəticələrinə əsasən ona peyk yayımı həyata keçirməyən platforma
yayımçısı (televiziya redaksiyasının adı: “Mahnı TV” olmaqla)
lisenziyasının verilməsi haqqında qərar qəbul olunub.
İclasın sonunda “Aznet Technologies” QSC-nin təşkilati-hüquqi
formasının dəyişilməsi ilə əlaqədar Audiovizual Şuraya ünvanladığı
müraciətə əsasən “Aznet” və “Araznet” operator xidmətləri üçün
verilmiş lisenziyaların “Aznet Technologies” MMC-nin adına yenidən
rəsmiləşdirilməsi haqqında müvafiq qərarlar qəbul edilib.

