
Bakı. Trend:
“YouTube Music” xidməti mahnı mətnlərinə pulsuz çıxışı
məhdudlaşdırmağa başlayıb və bu funksiyanı ödənişli abunəliyə
keçirib. Əvvəllər mahnı mətnləri ödənişsiz idi, lakin indi onlar “YouTube Premium” və ya “Music Premium” abunəliyinin tərkib
hissəsinə çevrilir.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Son yeniləmədə oxutma ekranında “Lyrics” bölməsində qalan pulsuz
baxışların sayı ilə bağlı bildiriş və funksiyanı “Premium” abunə
vasitəsilə açmaq təklifi göstərilir. İstifadəçilərə mahnı
mətnlərini beş dəfə pulsuz izləmək imkanı verilir, bundan sonra
onlar yalnız ilk sətirləri görə bilirlər, mətnin qalan hissəsi isə
gizlədilir.
Dəyişikliklər bir neçə ay ərzində əvvəlcə azsaylı istifadəçi
qrupu üzərində sınaqdan keçirilib. İndi isə bütün dünyada tətbiq
olunmağa başlayır. “Google” tərəfindən yeniliyə dair hələlik rəsmi
təsdiq verilməyib.

