
Bakı. Trend:
Azərbaycan IT sahəsindəki ixracı bir milyard dollara çatdıra
bilər.
Trend xəbər verir
ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad
Nəbiyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid
fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
“Nəhayət, innovasiya ekosistemi artıq məruzə etdiyim kimi,
fokuslanandan sonra bizim əsas məqsədimiz bütün bu həllərin bu
sahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Bu
sahədə artıq 2022-ci ildə Sizin və Mehriban xanımın birbaşa
müdaxiləniz və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışan
şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik
norması qəbul edilmişdir və bunun nəticəsi olaraq bu gün texnopark
rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatmışdır. Onlardan
10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlir
təxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki,
bu, bizim ölkəmizin potensialını əks etdirmir”, – deyə o
bildirib.
Nazir bildirib ki, əsas göstərici bu sahədəki ixrac
rəqəmidir.
“Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100
milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında
əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu
bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik”,
deyə R.Nəbiyev əlavə edib.

