
Bakı. Trend:
Azərbaycanın dövlət şirkətlərində internet sürətinin saniyədə
200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və
nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal
arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə
deyib.
“Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün biz
dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçməkdəyik.
Bu, ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə,
məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara
keçirilməsidir. İkinci mərhələ xidmət və proseslərin
rəqəmsallaşdırılmasıdır. Artıq burada da bir çox proseslər həm
dövlət şirkətləri və eyni zamanda, özəl şirkətlər tərəfindən
kifayət qədər irəliləmişdir. Gedəcəyimiz son nöqtə, “ağıllı” və
proyektiv xidmətlərin formalaşdırılmasıdır ki, bu da rəqəmsal
transformasiyanı özündə ehtiva edir”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə qəbul edilmiş rəqəmsal
inkişaf konsepsiyası xüsusi önəm daşıyır.
“Bununla yanaşı, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən
sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər
edilmişdir və yeniləri qəbul olunmuşdur. Bununla yanaşı,
infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin
edilmişdir.
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılmışdır. Layihə
başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə
idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu
rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200
meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın
elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim
edilməsin”, – deyə nazir bildirib.

