ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətindədir (FOTO)

Baş səhifə

Bakı. Trend:

ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri dünya
mediasının diqqətindədir.

Trend-in məlumatına görə, səfər zamanı iki ölkə arasında
imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası, Azərbaycan Prezidenti
İlham Əliyevin ABŞ Vitse-prezidenti Cey. Di. Venslə mətbuata birgə
bəyanatı zamanı səsləndirilən fikirlər dünya mediasında geniş yer
alıb. ABŞ-ın “Associated Press”, “News
Nation”
, “Fox New”, ABC,
CNN, “The Washington Post”,
PBS, “Forbes Breaking News”,
“C-Span” kimi media orqanları səfəri geniş şəkildə
işıqlandırıb və ya mətbuata birgə bəyanatı canlı yayımlayıblar.

“The Washington Post” yazır ki, səfər zamanı
Vens sovet dövründən qalma dəmir yolunun tərk edilmiş hissəsini
Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutuna (TRIPP) çevirəcək
yeni tranzit dəhlizi planlarını açıqlayıb. Qeyd olunur ki, bu
marşrut Ermənistan vasitəsilə Azərbaycanı Naxçıvan anklavı və
Türkiyə ilə birləşdirəcək.

“Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh
içində yaşamağı öyrənirik. Prezident Trampa Qafqazda sülhə verdiyi
töhfəyə görə çox minnətdarıq”, – deyə PBS
Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata birgə bəyanatdakı
çıxışına istinadla qeyd edir.

“Nyu York Post” yazır ki, mətbuata bəyanat
zamanı Vitse-prezident Cey. Di. Vens Əfqanıstandakı ABŞ qüvvələri
ilə birlikdə Azərbaycanın rolunu vurğulayıb, ABŞ-ın dəniz
təhlükəsizliyinə yeni dəstəyini elan edib və Prezident Trampın
iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış mühüm
razılaşmadan sonra tərəfdaşlığın regional sülhün və iqtisadi
əməkdaşlığın gücləndirilməsinə kömək edəcəyini bildirib.

“Herald USA” bildirir ki, iki ölkə arasında
imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası müdafiə, təhlükəsizlik,
ticarət, investisiya kimi sahələrdə əməkdaşlıq çərçivəsi
formalaşdırır.

Bununla yanaşı, “Reuters”də dərc olunmuş “ABŞ
və Azərbaycan Vensin səfəri çərçivəsində strateji tərəfdaşlıq
müqaviləsi imzalayıblar” sərlövhəli yazıda qeyd olunur ki,
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata birgə bəyanat zamanı
ABŞ və Azərbaycan arasında münasibətlərin bu gün tamamilə yeni
mərhələyə qədəm qoyduğunu deyib. Yazıya əsasən, Vens bildirib ki,
ABŞ Azərbaycana ərazi sularını qorumaq üçün gəmilər göndərəcək.
Vurğulanır ki, Xartiya ilk dəfə avqust ayında Vaşinqtonda Prezident
İlham Əliyevlə Prezident Donald Tramp arasında danışıqlarda təqdim
olunub.

Fransanın AFP agentliyi yazır ki, ABŞ ilə
Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının
imzalanmasından öncə Vens Azərbaycan Prezidenti İlham Əliyevlə
görüşüb. Qeyd olunur ki, görüşdə Vens müqavilənin bu tərəfdaşlığı
rəsmiləşdirəcəyini və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı
olacağını çox aydın şəkildə göstərəcəyini bildirib.

“Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri
üzərində işimizi davam etdirəcəyik”, – deyə yazıda Prezident İlham
Əliyevin çıxışına istinad edilərək qeyd olunub.

Səfər Türkiyənin “Anadolu Agentliyi”,
“Hürriyet”, “CNN Turk”,
“TRT Avaz”, “Son dakika”,
“Dünya”, “Haber Türk” media
orqanlarında və bir sıra saytlarında geniş işıqlandırılıb.
“Hürriyet”də dərc olunmuş “İmzalar atıldı.
Azərbaycanla ABŞ arasında vacib anlaşma” başlıqlı yazıda
bildirilir: “Birgə bəyanat zamanı Prezident İlham Əliyev deyib ki,
dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə
strateji tərəfdaş olmaq böyük şərəfdir”.

Rusiyanın TASS, “Komsomolskaya
Pravda”
, RBK,
“Interfax”, “Russian Today”,
“lenta.ru” və digər informasiya agentlikləri ABŞ
ilə Azərbaycanın Strateji Tərəfdaşlıq haqqında saziş imzalamasına
geniş yer veriblər.

“Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində
ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılığa gəliblər”,-
deyə “RIA Novosti” yeni imzalanmış sənədə
istinadən yazır.

Almaniyanın “Deutsche Welle” saytında dərc
olunmuş “Vens Azərbaycan və Ermənistanla aktiv şəkildə
sövdələşmələr bağlayır” adlı yazıya əsasən, Vens Azərbaycanda
bildirib ki, müqavilə iki ölkə arasında tərəfdaşlığı
rəsmiləşdirəcək və ABŞ-Azərbaycan münasibətlərinin qalıcı olacağını
çox aydın şəkildə göstərəcək. Qeyd olunur ki, Vensin səfəri ABŞ-ın
Cənubi Qafqazda təsirini genişləndirməyə çalışdığı bir zamanda
gerçəkləşir.

Həmçinin İtaliya, Yaponiya, Rumıniya, Monteneqro, İran,
Qazaxıstan, Ukrayna, Gürcüstan, Çin, Polşa, Bolqarıstan, Avstriya,
Latın Amerikası ölkələri, ərəb ölkələri mediası Vensin Cənubi
Qafqaz səfəri, imzalanmış sənədlər və bu əlaqələrin regional
əməkdaşlıq üçün açdığı imkanlar barədə yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir