
Bakı. Trend:
2026-cı ilin fevral ayının ilk ongünlüyündə The Washington Post
redaksiyası ətrafında baş verən hadisələrə sırf korporativ
idarəetmə böhranı və ya uğursuz rəqəmsal transformasiya
prizmasından baxmaq açıq-aşkar yetərli deyil. XX əsrin və XXI əsrin
əvvəllərinin ən təsirli media brendlərindən birinin təxminən üçdə
bir əməkdaşını əhatə edən kütləvi ixtisarlar ABŞ-da demokratik
diskursun memarlığını sarsıdan daha dərin, institusional böhranın
simptomu kimi çıxış edir.
Söhbət konkret bir aktivin idarə edilməsində texniki nasazlıqdan
getmir. Burada onilliklər boyu legitim ictimai bilik istehsalını
təmin etmiş, cəmiyyətlə elitalar arasında əks-əlaqə kanalı rolunu
oynamış, mürəkkəbləşən qlobal reallıqda koqnitiv vasitəçi
funksiyasını yerinə yetirmiş modelin faktiki olaraq sökülməsindən
danışırıq. Bu kontekstdə The Washington Post istisna yox,
geo-iqtisadi təlatümlər, texnoloji sıçrayışlar və dövlət, kapital
və informasiya ekosistemləri arasında güc balansının yenidən
bölüşdürüldüyü bir dövrdə media institutlarının transformasiyasını
göstərən tipik nümunədir.
4 fevral 2026-cı ildə 300-dən çox iş yerinin ləğvi və bir sıra
əsas redaksiya istiqamətlərindən faktiki imtina ilə bağlı qəbul
olunan qərar bifurkasiya nöqtəsi kimi oxunmalıdır. Bu, məsuliyyətli
institusional sahiblik modelindən medianın iri biznes imperiyasının
risklərin idarə olunması sisteminin bir elementi kimi
dəyərləndirildiyi modelə keçid anıdır. Belə məntiq redaksiya
müstəqilliyinin mahiyyətini və jurnalistikanın ictimai nemət kimi
funksiyasını kökündən dəyişir.
The Washington Post-un böhrana qədərki institusional
mahiyyəti
Mövcud prosesləri düzgün anlamaq üçün xatırlatmaq vacibdir ki,
The Washington Post tarixən sadəcə kommersiya nəşri kimi deyil,
mürəkkəb institusional orqanizm kimi fəaliyyət göstərib. Onun rolu
xəbərlərin istehsalı ilə məhdudlaşmırdı. Qəzet eyni zamanda
aşağıdakı funksiyaları yerinə yetirirdi:
– daxili və xarici siyasət üzrə ekspertiza mərkəzi
– hakimiyyətin verifikasiyası aləti
– uzunmüddətli narrativlərin formalaşdırılması platforması
– lokal və milli mövzular üzərindən sosial inteqrasiya
mexanizmi
Məhz bu funksiyaların sintezi Post-u “rekord qəzet” statusuna
yüksəldirdi. Yəni təkcə vətəndaşların deyil, elitaların da
reallıqla bağlı təsəvvürlərini formalaşdırarkən istinad etdiyi
mənbə. Bu status öz-özünə yaranmır. O, iri infrastruktur, yüksək
daimi xərclər və ən əsası, rüblük hesabat məntiqi ilə üst-üstə
düşməyən strateji baxış tələb edir.
Son dövrlərə qədər Post rəqəmsal mühitin təzyiqlərinə baxmayaraq
bu modeli qoruyub saxlaya bilmişdi. Marti Baronun rəhbərliyi
dövründə qəzet təkcə peşəkar standartları itirmədi, eyni zamanda
beynəlxalq bürolara və analitik formatlara sərmayə qoyaraq qlobal
mövcudluğunu genişləndirdi. Bu mərhələni nisbi institusional
tarazlığın son fazası kimi xarakterizə etmək olar.
Fevral sökülməsinin anatomiyası
2026-cı ilin fevralında elan edilən ixtisarların miqyası və
xarakteri nəşrin missiyasının prinsipial şəkildə yenidən nəzərdən
keçirildiyini göstərir. Burada söhbət lokal optimallaşdırmadan yox,
redaksiyanın əsas dayaqlarının struktur sökülməsindən gedir.
İdman şöbəsinin ləğvi, kitab icmalları bölməsinin bağlanması,
flaqman podkastlardan birinin dayandırılması və şəhər
redaksiyasının kəskin şəkildə ixtisarı geniş auditoriyaya xitab
edən universal media ideyasından imtina deməkdir. Ənənəvi olaraq
qəzetlə yerli icma arasında körpü rolunu oynayan metro-desk elə bir
səviyyəyə endirilib ki, artıq minimal şəhər xronikası funksiyasını
belə yerinə yetirmək mümkün deyil.
Xüsusi diqqətə layiq məqam beynəlxalq mövcudluğun
yığışdırılmasıdır. Yaxın Şərqdəki büroların bağlanması və Şərqi
Avropa istiqamətinin faktiki olaraq dayandırılması nəşri əsas
geosiyasi prosesləri müstəqil şəkildə şərh etmək imkanından məhrum
edir. Beynəlxalq gündəmin yüksək konfliktlilik və informasiya
parçalanması ilə səciyyələndiyi bir vaxtda öz müxbirlərindən imtina
ilkin bilikdən ikincil, aqreqasiya olunmuş kontentə keçid
deməkdir.
İnstitusional analiz baxımından bu, subyekt rolundan imtina edib
retranslyator statusuna düşmək anlamına gəlir. Qəzet gündəm
formalaşdırmaq qabiliyyətini itirir və dövlət və korporativ
strukturlar daxil olmaqla, xarici interpretasiya mənbələrindən
asılı vəziyyətə düşür.
Yeni kursun iqtisadi məntiqi
Rəsmi izahda rəhbərlik reklam gəlirlərinin azalması, axtarış
trafikinə zərbə və generativ texnologiyaların inkişafı ilə bağlı
media bazarındakı struktur dəyişikliklər fonunda maliyyə
sabitliyinin vacibliyinə istinad edir. Lakin bu arqument yetərincə
dolğun görünmür.
Son iki ildə qeydə alınan maliyyə itkiləri, şübhəsiz ki, ciddi
rəqəmlərdir. Amma bu itkilər sahə üçün unikal deyil. Əsas sual
zərərin mövcudluğunda yox, ona verilən reaksiyanın formasındadır.
Müqayisəli analiz göstərir ki, məhsul diversifikasiyasına və
müəllif kontentinin gücləndirilməsinə əsaslanan alternativ
strategiyalar daha dayanıqlı nəticələr verir.
Seçilmiş sərt xərclərin azaldılması modeli prioritetlərin
dəyişdiyini açıq şəkildə göstərir. Qəzet artıq uzunmüddətli
institusional layihə kimi deyil, risklərin minimallaşdırılmasını
tələb edən bir aktiv kimi qəbul olunur. Burada siyasi konyunktura
və ictimai gözləntilər də daxil olmaqla, xarici amillərdən
asılılığın azaldılması əsas məqsədə çevrilir.
Media aktivinə sahibliyin siyasi
iqtisadiyyatı
The Washington Post-un hazırkı trayektoriyasını müəyyən edən
əsas struktur amil onun mülkiyyət modelinin spesifikliyidir. Yüksək
siyasi qütbləşmə və dövlət tənzimləməsinin artdığı şəraitdə iri
media resursuna sahiblik simvolik kapitaldan potensial zəiflik
mənbəyinə çevrilir.
Əsas biznes istiqamətləri dövlət müqavilələri və tənzimləyici
qərarlarla sıx bağlı olan sahib üçün media aktivi ikili status
daşıyır. Bir tərəfdən, o, təsir və elit kommunikasiya kanallarına
çıxış yaradır. Digər tərəfdən isə əlavə təzyiq nöqtələri
formalaşdırır və siyasi mühitdəki dəyişikliklərə həssaslığı
artırır.
Bu kontekstdə redaksiya siyasəti və nəşrin institusional
ambisiyaları istər-istəməz risklərin idarə olunması prizmasından
qiymətləndirilir. Prioritet ictimai dəyərin
maksimallaşdırılmasından reputasiya və siyasi xərclər də daxil
olmaqla, potensial itkilərin azaldılmasına doğru sürüşür.
Media geoekonomik strategiyanın elementi
kimi
Müasir media bazarı getdikcə daha açıq şəkildə geoekonomik
proseslərin tərkib hissəsinə çevrilir. İnformasiya artıq təkcə
bazar malı deyil, investisiya axınlarına, texnoloji alyanslara və
korporasiyaların beynəlxalq mövqelərinə təsir göstərən strateji
resurs rolunu oynayır.
Belə şəraitdə müstəqil, qlobal miqyaslı media institutuna sahib
olmaq sistemli riskləri öz üzərinə götürməyə hazır olmağı tələb
edir. Bu məsuliyyət səviyyəsindən imtina isə medianın daha dar
ixtisaslaşmış, idarəolunan və proqnozlaşdırıla bilən alətə
çevrilməsinə məntiqi şəkildə yol açır. The Washington Post-un
timsalında müşahidə etdiyimiz təkamül məhz budur.
Media bazarında strateji asimmetriya: duopoliyanın
süqutu və struktur məğlubiyyət
The Washington Post-un böhranını onun əsas tarixi rəqibinin
inkişaf trayektoriyası ilə müqayisə etmədən anlamaq mümkün deyil.
Burada söhbət sadə rəqabət uğursuzluğundan yox, Amerika media
məkanının onilliklər boyu söykəndiyi bir modelin sonundan gedir. Bu
model iki universal milli nəşrin duopoliyasına əsaslanırdı. Uzun
müddət ərzində The Washington Post və The New York Times ictimai
siyasətin koqnitiv karkasını formalaşdırır, bir-birini tarazlayan
mexanizmlər kimi çıxış edir və elit diskurs daxilində plüralizmi
təmin edirdi.
2026-cı ilin fevralına gəldikdə isə bu duopoliya faktiki olaraq
mövcudluğunu itirdi. The Washington Post universal qlobal nəşr
statusu uğrunda yarışdan de-fakto çıxdı və tamamilə başqa çəki
kateqoriyasına keçdi. Bu, subyektiv mülahizə deyil, institusional
qərarların, xərclər strukturunun və redaksiya prioritetlərinin
təhlilindən doğan nəticədir.
Hazırkı mərhələnin əsas xüsusiyyəti məğlubiyyətin müvəqqəti yox,
struktur xarakter daşımasıdır. Post sadəcə bazar payını yox, müasir
media modelini müəyyən edən əsas parametrlər üzrə rəqabət aparmaq
qabiliyyətini itirib.
Əsas çat xətti biznes modelinin üzərindən keçir. The Washington
Post son illər ərzində monoməhsul məntiqinə sadiq qaldı. Bu
məntiqdə əsas məhsul klassik anlamda xəbər kontentidir. İnformasiya
qıtlığı dövründə bu model işlək idi, amma rəqəmsal həddənartıqlıq
şəraitində son dərəcə kövrək hala gəldi.
Rəqib nəşr isə tam fərqli yol seçdi və çoxsəviyyəli ekosistem
qurdu. Burada jurnalistika mərkəzi rol oynasa da, yeganə dəyər
mənbəyi deyil. Abunəlik sadəcə xəbərlərə görə ödənişdən xidmətlərə,
həyat tərzinə və brendlə davamlı intellektual ünsiyyətə görə
ödənişə çevrildi. Oyun məhsulları, tematik tətbiqlər, tövsiyə
servisləri və utilitar formatlar xəbər dövrlərindən zəif asılı olan
sabit gəlir axınları formalaşdırdı.
The Washington Post-da analoji ekosistemin olmaması onu
volatilliyi yüksək trafikdən və siyasi gündəmdən maliyyə baxımından
asılı vəziyyətə saldı. Bazarın doyması və alternativ informasiya
mənbələrinin artması fonunda bu, xroniki dayanıqsızlıq demək
idi.
İkinci strateji səhv generativ sistemlərin inkişafı və kontentin
paylanma alqoritmlərinin dəyişməsi ilə bağlı texnoloji sıçrayışa
reaksiyada özünü göstərdi. The Washington Post-un rəhbərliyi bu
prosesləri insan əməyinin texnoloji həllərlə əvəzlənməsini tələb
edən ekzistensial təhlükə kimi dəyərləndirdi.
Nəticədə avtomatlaşdırmaya, miqyaslandırmaya və xərclərin
azaldılmasına hesablanmış eksperimental məhsullara üstünlük
verildi. Amma etibar və müəlliflik amili lazımi qədər
qiymətləndirilmədi. Alqoritmlərin mətn şablonlarını rahatlıqla
təkrarlaya bildiyi mühitdə əsas dəyər insan ekspertizası, şəxsi səs
və müəllifin institusional reputasiyasıdır.
Güclü jurnalist fiqurlarına və analitik məktəblərə
investisiyadan imtina brendin identikliyini bulanıqlaşdırdı. Qəzet
digər institutlarla deyil, maşınlarla rəqabətə girdi və bu yarışda
onun müqayisəli üstünlüyü əvvəlcədən itirilmişdi.
Paytaxt siyasətinin dar seqmentinə fokuslanmaq qərarı taktiki
adaptasiya yox, strateji status endirimi kimi
qiymətləndirilməlidir. The Washington Post dünyanı bütün
mürəkkəbliyi ilə izah edən media olmaq ambisiyasından könüllü
şəkildə imtina etdi.
Mədəniyyət, idman və regional istiqamətlərin bağlanması sosial
inteqrator funksiyasının itirilməsi deməkdir. Qəzet artıq müxtəlif
sosial qrupların, maraqların və identikliklərin kəsişdiyi məkan
rolunu oynamır. Onun yerində məhdud peşəkar çevrə üçün nəzərdə
tutulmuş ixtisaslaşmış bülleten formalaşır.
İctimai sfera nəzəriyyəsi baxımından bu, təsir radiusunun
daralması və geniş konsensus formalaşdırmaq qabiliyyətinin
itirilməsi anlamına gəlir. Yalnız elitaya xitab edən media
demokratik legitimliyini zəiflədir və sistemdaxili siqnal
mübadiləsinin bir hissəsinə çevrilir.
Mülkiyyət modelinə olan etibar amili ayrıca təhlil tələb edir.
Siyasi qütbləşmə şəraitində sahib fiquru artıq neytral deyil. O,
auditoriyanın mənbənin müstəqilliyini və etibarlılığını
qiymətləndirdiyi interpretasiya kontekstinin bir hissəsinə
çevrilir.
Rəqib nəşrdə ailəvi idarəetmə modeli institusional baxımdan daha
sabit və proqnozlaşdırılan kimi qəbul olunur. Bunun əksinə olaraq,
geniş və diversifikasiya olunmuş maraqları olan sahibin əlində
media aktivinin cəmlənməsi prioritetlərin toqquşması ilə bağlı
şübhələri gücləndirir.
Birbaşa müdaxilə olmasa belə, bu cür asimmetriyanın mövcudluğu
etibarı sarsıdır və auditoriyanın xarici təzyiqlərə daha az həssas
sayılan mənbələrə axınını sürətləndirir.
The Washington Post-un beynəlxalq mövcudluğunu azaltması
korporativ maraqlardan xeyli kənara çıxan nəticələr doğurur. Qlobal
qeyri-sabitlik şəraitində öz müxbir şəbəkəsindən imtina siyasi və
iqtisadi aktorların qərarlarının üzərində qurulduğu analitik
bazanın keyfiyyətini aşağı salır.
İnformasiya izolyasionizmi ikincil mənbələrdən, agentlik
lentlərindən və digər dövlətlər və strukturlar tərəfindən istehsal
olunan şərhlərdən asılılığı artırır. Bu isə strateji
proqnozlaşdırma imkanlarını zəiflədir və sistemli səhvlərin riskini
yüksəldir.
Qlobal liderliyə iddia edən dövlət üçün müstəqil informasiya
kanallarının deqradasiyası media problemi yox, strateji riskdir.
Keyfiyyətli bilik itkisi istər-istəməz qəbul edilən qərarların
keyfiyyətinə təsir göstərir.
Kapitalın ifrat konsentrasiyası dövründə media asılı
institut kimi
The Washington Post-un böhranı medianın sürətlə oliqarxlaşması
ilə səciyyələnən daha geniş struktur sürüşmənin tərkib hissəsi kimi
dəyərləndirilməlidir. Klassik liberal modeldə mətbuat hakimiyyət və
kapital üzərində ictimai nəzarət funksiyasını yerinə yetirə bilən
nisbətən avtonom institut sayılırdı. Bu avtonomiya mülkiyyətin
şaxələndirilməsinə, rəqabətli mühitə və birbaşa dövlət
tənzimləməsindən nisbi azadlığa söykənirdi.
Müasir reallıq isə prinsipial şəkildə fərqlidir. Media aktivləri
getdikcə daha çox jurnalistikadan kənarda formalaşan və siyasi
qərarlardan, tənzimləyici rejimlərdən, dövlət sifarişlərindən
birbaşa asılı olan gəlir mənbələrinə malik dar çevrəli superiri
sahiblərin əlində cəmlənir. Belə konfiqurasiyada jurnalistika artıq
məqsəd deyil, daha geniş biznes strategiyasının köməkçi elementinə
çevrilir.
Bu mənada The Washington Post tipik nümunədir. Qəzet elə bir
ekosistemin içinə inteqrasiya olunub ki, burada prioritetlər
ictimai xidmət məntiqi ilə deyil, sahibin əsas biznes istiqamətləri
üçün ümumi risklərin minimallaşdırılması ilə müəyyən edilir. Bu isə
qaçılmaz olaraq redaksiya siyasətinin ehtiyatlılığa, özünüsenzuraya
və konfliktli mövzulardan yayınmağa doğru sürüşməsinə gətirib
çıxarır.
Xüsusilə vurğulamaq lazımdır ki, söhbət konkret menecerlərin
şəxsi qeyri-etikliyindən və ya subyektiv qorxularından getmir.
Buradakı maraqlar toqquşması sistem xarakteri daşıyır. Media
resursunun sahibi eyni zamanda iri dövlət proqramlarının
benefisiarı olduqda, stimul strukturu redaksiyanın institusional
müstəqilliyinin zəiflədilməsinə doğru itələyir.
Hətta formal olaraq birbaşa təzyiq olmasa belə, qabaqlayıcı
adaptasiya effekti yaranır. Redaksiya qərarları xarici aktivlər
üçün mümkün nəticələr nəzərə alınaraq verilir. Nəticədə senzura
göstəriş formasında yox, preventiv mexanizm kimi fəaliyyət
göstərir. Bu, onu daha az görünən edir, amma təsirini azaltmır.
Auditoriya üçün bu cür proseslər adətən diqqətdən kənarda
qalmır. Etimad birdən-birə yox, nəşrin xarakterinin dəyişdiyini
göstərən siqnalların yığılması ilə itirilir. Beynəlxalq mövcudluğun
azalması, kəskin mövzulardan imtina, dilin standartlaşması və baxış
spektrinin daralması institusional geri çəkilmə hissi yaradır.
Medianın oliqarxlaşmasının ən ciddi nəticələrindən biri
mənaların istehsalının autsorsinqidir. Ənənəvi redaksiyalar
zəiflədikcə interpretasiya məkanı parçalanmış mənbələrlə dolur.
Bura fərdi influenserlər, niş platformalar və alqoritmlər
tərəfindən irəli çəkilən kontent daxildir.
Bu proses ikili xarakter daşıyır. Bir tərəfdən formal plüralizm
genişlənir. Digər tərəfdən isə kollektiv qərarların qəbuluna imkan
verən ümumi koqnitiv çərçivələr dağılır. Faktı, konteksti və
analizi birləşdirə bilən institusional jurnalistika olmadan ictimai
şüur fragmentləşir.
The Washington Post tarixən ictimai sferanın pərakəndə
elementlərini birləşdirən əsas qovşaqlardan biri idi. Onun
zəifləməsi müxtəlif qrupların bir-biri ilə uzlaşmayan reallıq
versiyaları ilə yaşadığı traybalizmi gücləndirir. Demokratik sistem
üçün bu, uzunmüddətli risklər yaradır, çünki rasional dialoq
imkanlarını sarsıdır.
Strateji tədqiqatların analitik paradiqmasında informasiya
infrastrukturu milli təhlükəsizliyin tərkib hissəsi kimi
qiymətləndirilir. Keyfiyyətli jurnalistika təkcə vətəndaşların
məlumatlandırılmasını deyil, həm də idarəetmə qərarlarının
söykəndiyi ekspert mühitinin formalaşmasını təmin edir.
Müstəqil informasiya kanallarının azalması elit səviyyəsində
koqnitiv təhriflərin ehtimalını artırır. Mürəkkəb beynəlxalq
böhranlar şəraitində öz analiz və reportaj mənbələrinin olmaması
xarici interpretasiyalardan asılılığı gücləndirir. O
interpretasiyalar ki, çox vaxt rəqib dövlətlər tərəfindən
formalaşdırılır.
The Washington Post-un beynəlxalq bürolarının kəskin ixtisarı
məhz bu kontekstdə dəyərləndirilməlidir. Qəzet dünyanın əsas
regionları üzrə ilkin bilik istehsalçısı rolundan könüllü şəkildə
imtina edib. Bu qərarın nəticələri təkcə oxucular üçün deyil,
materiallardan analitik baza kimi istifadə edən ekspert icması üçün
də ağırdır.
İnstitusional deqradasiya
ssenariləri
Mövcud məlumatlara əsaslanaraq The Washington Post-un institut
kimi gələcək təkamülünün bir neçə ssenarisini ayırd etmək olar.
Baza ssenarisi idarəolunan daralma variantını nəzərdə tutur.
Qəzet fəaliyyətini saxlayır, amma daxili siyasətə və elit
insaydlara fokuslanan xeyli ixtisar olunmuş formatda. Bu halda
brend formal olaraq yaşayacaq, lakin onun institusional çəkisi
ciddi şəkildə azalacaq.
Alternativ ssenari mülkiyyət və ya idarəetmə modelinin dəyişməsi
ilə bağlıdır. Amma qlobal ambisiyaları bərpa etməyə və bununla
bağlı riskləri üzərinə götürməyə hazır sahibin meydana çıxması
ehtimalı məhduddur. Media bazarının ümumi deqradasiyası fonunda
belə investisiyalar qaydadan çox istisna təsiri bağışlayır.
Nəhayət, neqativ ssenari tədrici eroziyanı nəzərdə tutur.
Nəticədə formal olaraq fəaliyyət göstərən, lakin məzmunca boş,
standartlaşdırılmış kontentlə doldurulan və öz analitik
subyektliyini itirmiş resurs yaranır. Bu tip strukturlar medianın
xarici atributlarını qoruyur, amma onun sosial funksiyasını
itirir.
Modelin dəyişməsi: institusional bilikdən paylanmış
səs-küyə
The Washington Post-un böhranı müasir infosferanın mahiyyətinə
toxunan daha iri və sistemli prosesin lokal təzahürüdür. Söhbət
bilik istehsalının institusional modelinin sökülməsindən gedir. Bu
modeldə əsas rolu redaksiyalar, analitik mərkəzlər, dövlət media
platformaları və peşəkar ekspert icmaları oynayırdı. Həmin sistem
keyfiyyət filtrlərinə, məsuliyyət iyerarxiyasına və ani
konyunkturadan kənara çıxan zaman üfüqünə əsaslanırdı.
Onu əvəz edən yeni model radikal fragmentasiya ilə xarakterizə
olunur. Məna və interpretasiyaların istehsalı getdikcə rəqəmsal
mühitdə fəaliyyət göstərən fərdi aktorların geniş, paylanmış
kütləsinə autsors edilir. Bloqerlər, müstəqil müəlliflər, abunə
platformaları, sosial şəbəkələr və mikromedialar institusional
bilik istehsalçılarını ona görə sıxışdırmır ki, daha
səriştəlidirlər, ona görə ki, daha ucuzdurlar, daha sürətlidirlər
və öhdəlik yükü daşımırlar.
Bu sürüşmə ideoloji və ya mədəni xarakter daşımır. Onun
mahiyyəti ilk növbədə iqtisadi və idarəetmə məntiqi ilə bağlıdır.
Tammiqyaslı redaksiya və ya analitik infrastrukturun saxlanması
uzunmüddətli və bahalı investisiyalar tələb edir. Rəqəmsal mühit
isə minimal xərclərlə kontent istehsal etməyə imkan verir,
keyfiyyət və məsuliyyət risklərini birbaşa auditoriyanın üzərinə
ötürür.
Cari trendin ən mühüm elementlərindən biri dövlətlərin və
korporasiyaların mürəkkəb, yoxlanılan və kontekstual bilik
istehsalına yönəlmiş strukturların maliyyələşdirilməsindən şüurlu
şəkildə imtina etməsidir. Bu, təkcə ənənəvi media ilə məhdudlaşmır.
Analitik mərkəzlər, ekspert platformaları və əvvəllər uzunmüddətli
təsir alətləri sayılan beynəlxalq media şəbəkələri də bu prosesə
daxildir.
Bu imtinanın məntiqi sadə və praqmatikdir. Rəqəmsal mühitdə
təsir dərin analizlə deyil, əhatə dairəsi, yayılma sürəti və
emosional cəlbetmə ilə ölçülür. Fərqli standartlarla işləyən
institusional strukturlar diqqət metrikləri baxımından
rəqabətədavamlı olmur. Nəticədə investisiyalar cari əhval-ruhiyyəyə
və alqoritmik tələblərə tez uyğunlaşan platformaların xeyrinə
yenidən bölüşdürülür.
Beləliklə, infosferanın deqradasiyası texnoloji tərəqqinin labüd
nəticəsi deyil. Bu, qısamüddətli səmərəliliyin strateji
dayanıqlıqdan üstün tutulduğu idarəetmə seçimlərinin
məhsuludur.
İnstitusional medianın sökülməsini əsaslandırmaq üçün ən çox
istifadə edilən arqumentlərdən biri “vətəndaş jurnalistikası”nın
yüksəlişidir. Formal olaraq bu proses informasiya istehsalının
demokratikləşməsi, giriş baryerlərinin azalması və iştirakın
genişlənməsi kimi təqdim olunur.
Amma dərin təhlil göstərir ki, bu model peşəkar redaksiyaların
əvvəl təmin etdiyi funksiyaları yerinə yetirmək gücündə deyil.
Vətəndaş jurnalistikası ayrı-ayrı hadisələrin və emosional
reaksiyaların fiksasiyasında effektivdir, lakin sistemli analiz,
mürəkkəb məlumatların verifikasiyası və uzunmüddətli narrativlərin
qurulması baxımından prinsipial olaraq acizdir.
Üstəlik, institusional filtrlər olmadıqda vətəndaş
jurnalistikası asanlıqla manipulyasiya obyektinə çevrilir. Paylanma
alqoritmləri dəqiqliyi yox, konfliktliliyi, mürəkkəbliyi yox,
sadələşdirməni mükafatlandırır. Nəticədə infosfera bir-biri ilə
bağlanmayan reallıq fraqmentləri ilə dolur.
Ənənəvi medianın zəifləməsi fonunda rəqəmsal platformalar
müstəqil siyasi aktorlar kimi güclənir. Onlar təkcə informasiyanı
yaymır, həm də onun istehsalı və qavranılması şərtlərini
formalaşdırır. Alqoritmlərə nəzarət görünürlüyə, dolayısı ilə
gündəmə nəzarət deməkdir.
Klassik mediadan fərqli olaraq platformalar redaksiya
məsuliyyəti daşımır. Onlar özlərini neytral infrastruktur kimi
təqdim edir, amma praktikada informasiya axınlarını davamlı şəkildə
idarə edir və bunu kommersiya və siyasi maraqlarla
əsaslandırırlar.
İri iqtisadi aktorların platformaları öz narrativlərini irəli
çəkmək üçün alətə çevirməsi göstərir ki, mediagüc institusional
çərçivələrdən kənarda nə qədər sürətlə cəmlənə bilər. Bu isə
ictimai sferanın rasional müzakirə məkanı kimi özülünü
sarsıdır.
Media sahəsində korporativ məntiqin transformasiyası ayrıca
diqqət tələb edir. Müasir korporasiyalar sektorundan asılı
olmayaraq mənfəətin maksimumlaşdırılmasına və tənzimləyici,
reputasiya risklərinin azaldılmasına fokuslanır. Bu kontekstdə
ideoloji elastiklik rəqabət üstünlüyünə çevrilir.
Böyük kapitalla əlaqəli media strukturları qaçılmaz olaraq
dominant siyasi konyunkturaya uyğunlaşır. Bu və ya digər
narrativlərin dəstəklənməsi dəyərlərlə yox, auditoriya
hesablamaları, reklam gəlirləri və tənzimləyici nəticələrlə müəyyən
edilir.
Vacib məqam ondan ibarətdir ki, bu adaptasiya çox vaxt kəskin
ideoloji dönüş şəklində baş vermir. Daha çox mövzuların,
ekspertlərin və vurğuların incə seleksiyası formasında özünü
göstərir. Radikal və sistemli tənqidlər kənarda saxlanılır, mövcud
nizamla uzlaşan mötədil mövqelər isə qorunur.
Yenilik illüziyası və tarixi
davamlılıq
Bir sıra media strukturlarında müşahidə olunan konservativ
sürüşmə tez-tez keçmişlə kəskin qopma kimi şərh edilir. Halbuki bu
prosesi əvvəllər də mövcud olmuş gizli struktur üstünlüklərə
qayıdış kimi dəyərləndirmək daha doğrudur.
Hətta elan edilən proqressivlik dövrlərində belə institusional
media sosial-iqtisadi modelin fundamental tənqidindən yayınan
mötədil mövqelərə üstünlük verirdi. Hakimiyyət və kapital
bölgüsünün əsas prinsiplərini sual altına alan radikal cərəyanlar
adətən marginallaşdırılır və ya periferik kimi təqdim olunurdu.
Bu baxımdan indiki transformasiya medianın ideoloji təbiətini
dəyişmir, sadəcə onu daha açıq və daha az pərdələnmiş edir.
Bu proseslərin cəmi effekti cəmiyyətin mürəkkəb problemləri
kollektiv şəkildə anlama qabiliyyətinin zəifləməsidir. Infosferanın
deqradasiyası razılaşdırılmış qərarların formalaşması üçün zəruri
olan ümumi koqnitiv məkanın itirilməsinə gətirib çıxarır.
Demokratik idarəetmə sistemi üçün bu, böhranlara qarşı
həssaslığın artması deməkdir. İnstitusional vasitəçilər olmadıqda
impulsiv və reaktiv qərarların, parçalanmış informasiya və
emosional sıçrayışlara əsaslanan yanaşmaların payı artır.
Bu kontekstdə The Washington Post istisna yox, sistemli
qırılmanın indikatorudur. Onun transformasiyası institusional bilik
dövründən paylanmış, lakin strukturlaşdırılmamış informasiya
istehsalı dövrünə keçidi əks etdirir. Burada kəmiyyət keyfiyyəti,
sürət isə mənanı sıxışdırır.
Nəticə. İnstitutun sonu, boşluğun
başlanğıcı
The Washington Post-un 2026-cı il hekayəsi uğursuz
restrukturizasiya barədə rəvayət və ya menecment səhvlərinin
xronikası deyil. Bu, bütöv bir institusional epoxanın finalıdır.
Qəzet auditoriya itirdiyi və ya texnologiyalara uduzduğu üçün yox,
biznesə, alqoritmlərə və konyunkturaya endirilə bilməyən bir
institutu saxlamaq iradəsi itdiyi üçün məhv oldu.
Media bilik istehsalı məkanı olmaqdan çıxıb diqqətin yenidən
paylandığı qovşaqlara çevrildikdə cəmiyyət informasiya mənbəyini
yox, düşünmə mexanizmini itirir. Infosferanın deqradasiyası ilk
baxışdan fəlakət kimi görünmür. O, kontentin artımı, yenilənmə
sürəti və plüralizm illüziyası ilə maskalanır. Amma strateji planda
bu, əsasla ikinci dərəcəlini, səbəblə səs-küyü ayırd etmək
qabiliyyətinin itirilməsi deməkdir.
The Washington Post demokratiyanın institusional yaddaşa,
peşəkar skeptisizmə və oxucu ilə mənəvi müqaviləyə söykəndiyi
memarlığın bir hissəsi idi. Bu memarlığın dağılması bloqlar,
platformalar və “vətəndaş jurnalistikası” ilə kompensasiya olunmur.
Çünki onlar məsuliyyət yaratmır, onu parçalayaraq yoxa çıxarır.
Biz elə bir dövrə daxil olmuşuq ki, həqiqət artıq ictimai resurs
deyil, analizi imitasiyadan, mənanı alqoritmdən ayıra bilənlər üçün
əlçatan olan fərdi məhsula çevrilir. Bu dünyada qəzetlər brend kimi
yaşaya bilər, amma institutlar bir dəfə öldümü, geri qayıtmır.

