Bakı. Trend:
Milli Məclisdə uşaqların sosial şəbəkələrdən istifadəsi
məsələsinin müzakirəyə çıxarılması bir daha göstərdi ki, cəmiyyət
rəqəmsal dövrün ən həssas suallarından biri ilə üz-üzədir.
Statistikaya görə, uşaqların 63 faizi artıq sosial şəbəkələrdən
aktiv istifadə edir və bu, təkcə texnoloji yox, həm də sosial və
psixoloji problem kimi gündəmdədir.
Rəqəmsal dövrün həssas dilemması
Bir tərəfdən sosial şəbəkələrə girişlə bağlı məhdudiyyətlərin
tətbiqi təklif olunur, digər tərəfdən isə ölkədə təhsilin sürətlə
rəqəmsallaşması prosesi gedir: şagirdlər dərslərdə telefondan
istifadə edir, imtahanlar onlayn platformalara keçirilir, təhsilin
gələcəyi rəqəmsal formatda qurulur. Bu ziddiyyətli fonda əsas sual
budur: uşaqların sosial şəbəkələrə çıxışı necə tənzimlənməlidir ki,
həm təhlükəsizlik təmin olunsun, həm də təhsildə rəqəmsallaşma
prosesi ləngiməsin? Daha vacib məqam isə texnologiyanın qadağa
aləti yox, inkişaf vasitəsinə çevrilməsidir: şagirdləri telefon və
kompüterdən yalnız əyləncə üçün deyil, bilik və bacarıqlarını
artırmaq üçün istifadə etməyə necə təşviq etmək olar və onları
zərərli kontentdən qorumaq üçün hansı real mexanizmlər
mövcuddur?
Təhsil sistemində rəsmi yanaşma və təhlükəsizlik
mexanizmləri
Trend-ə Elm
və Təhsil Nazirliyindən mövzu ilə bağlı bildirilib ki, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300
nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən
yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin
5.15.8-ci bəndinə əsasən, ümumi təhsil müəssisəsinin direktoru
təhsil müəssisəsinin daxili intizam qaydalarını təsdiq
edir:
“ Ümumi təhsil müəssisələrində tətbiq edilən həmin intizam
qaydalarının müvafiq bəndlərinə əsasən, tədrislə bağlı və xüsusi
hallar istisna olmaqla təhsilalanların tədris prosesi zamanı ağıllı
telefon və digər cihazlardan istifadə etməsi qadağandır. Bununla
yanaşı, ümumi təhsil müəssisələrində şagirdlər tədris prosesində və
məktəbdaxili qiymətləndirmələr zamanı kompüterdən istifadə edirlər
ki, həmin kompüterlərdə müvafiq təhlükəsizlik mütəmadi təmin
olunmaqdadır”.
Nazirlikdən bildirilir ki, ümumi təhsil müəssisələrində
istifadədə olan İnformatika, Həyat bilgisi və əsasən də Azərbaycan
dili dərsliklərində media savadlılığının artırılması üçün bir çox
materiallar yer alır:
“Bu materialların tədrisi zamanı təhsilalanlarda izlədikləri,
eşitdikləri və oxuduqlarını təhlil etmə, tənqidi qiymətləndirmə
bacarıqları formalaşdırılır, mediayaya dair təcrübələrini
genişləndirmək üçün imkanlar yaradılır. Həmçinin media
manipulyasiyası, dezinformasiya, zorakılıq, kiberbullinq kimi
medianın mənfi tərəfləri ilə mübarizə aparmağın yolları açıqlanır. “Rəqəmsal məktəb” platforması vasitəsilə də şagirdlərdə rəqəmsal
savadlılıq və kibertəhlükəsizliklə bağlı maarifləndirmə işləri
aparılır”.
Qeyd edilib ki, ümumi təhsil müəssisələrinin müəllim, şagird və
valideynləri kibertəhlükəsizlik və əlaqəli mövzularla bağlı
mütəmadi olaraq maarifləndirilirlər.
Mütəxəssis rəyləri: risklər, psixoloji təsirlər və
balans modeli
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Elnarə
Akimova bildirir ki, Milli Məclisdə uşaqların sosial şəbəkələrdən
istifadəsi məsələsinin müzakirəyə çıxarılması cəmiyyət üçün son
dərəcə aktual və vacib mövzudur:
“Rəsmi statistikaya görə, hazırda uşaqların 63 faizi sosial
şəbəkələrdən istifadə edir ki, bu göstərici artıq məsələnin fərdi
ailə problemi deyil, ümummilli sosial çağırış olduğunu göstərir.
Rəqəmsal mühitin sürətlə genişlənməsi uşaqların gündəlik həyatının
ayrılmaz hissəsinə çevrilsə də, bu proses ciddi risklər də yaradır.
Mütəxəssislərin fikrincə, sosial şəbəkələrdə yaşa uyğun olmayan
məzmun, kiberzorakılıq, psixoloji təzyiq və manipulyasiya halları
uşaqların emosional inkişafına mənfi təsir göstərir. Eyni zamanda,
uzunmüddətli və nəzarətsiz istifadə diqqət dağınıqlığı, asılılıq,
aqressiya və sosial təcrid kimi problemlərə yol açır. Bu səbəbdən
sosial şəbəkələrə girişlə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi
təklifi gündəmə gətirilib”.
Elnarə Akimova bildirib ki, sərt və tam qadağalar gözlənilən
effekti verməyə bilər:
“Texnologiya ilə erkən yaşdan tanış olan uşaqlar məhdudiyyətləri
asanlıqla aşmaq yollarını tapa bilir, bu isə istifadənin daha gizli
və nəzarətsiz formaya keçməsinə səbəb olur. Sosial şəbəkələr eyni
zamanda məlumat əldə etmək, ünsiyyət qurmaq və dünyagörüşünü
genişləndirmək baxımından da müəyyən imkanlar yaradır.
Bu baxımdan, məsələ qadağadan daha çox tənzimləmə və nəzarət
mexanizmlərinin qurulmasını zəruri edir. Beynəlxalq təcrübə
göstərir ki, yaşa uyğun giriş qaydaları, valideyn nəzarətinin
gücləndirilməsi, vaxt limitləri və məzmun filtrləri uşaqların
rəqəmsal mühitdə daha təhlükəsiz iştirakını təmin edə bilər.
Paralel olaraq məktəblərdə rəqəmsal savadlılıq və media etikası ilə
bağlı maarifləndirici proqramların tətbiqi də mühüm əhəmiyyət
daşıyır.
Uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müzakirələrin
əsas məqsədi texnologiyanı tamamilə məhdudlaşdırmaq deyil, onu
düzgün və təhlükəsiz istifadə etmə mədəniyyətini formalaşdırmaq
olmalıdır. Milli Məclisdə bu mövzunun gündəmə gətirilməsi dövlətin
uşaqların psixoloji və sosial rifahına göstərdiyi diqqətin
göstəricisidir. Qəbul ediləcək qərarların elmi əsaslara, mütəxəssis
rəylərinə və real statistik göstəricilərə söykənməsi isə bu sahədə
balanslı və effektiv nəticələr əldə olunmasına imkan verə
bilər”.

Psixoloji xidmətin gündəlik təcrübəsi – məktəb
psixoloqları nə ilə məşğuldur?
165 nömrəli tam ümumtəhsil məktəbin psixoloqu Ulduz Həsənova isə
mövzu ilə bağlı açıqlamasında məktəbdə psixoloji xidmət
çərçivəsində şagirdlərlə mütəmadi olaraq maarifləndirici və
profilaktik işlər aparıldığını vurğulayıb. Onun sözlərinə görə, bu
istiqamətdə müxtəlif yaş qruplarının xüsusiyyətləri nəzərə
alınmaqla fərdi və qrup məşğələləri, söhbətlər, interaktiv oyunlar
və diaqnostik fəaliyyətlər təşkil olunur:
“İş prosesində əsas diqqət şagirdlərin emosional rifahına,
sağlam ünsiyyət bacarıqlarının formalaşdırılmasına, təhlükəsiz
davranış qaydalarına, eləcə də yarana biləcək çətinliklərin
vaxtında aşkarlanmasına və aradan qaldırılmasına yönəldilir.
Bununla yanaşı, il ərzində müəyyən mövzular üzrə açıq dərslər,
seminarlar və məlumatlandırma görüşləri keçirilir. Tədbirlər zamanı
şagirdlərə mövzu ilə bağlı praktik tövsiyələr verilir, onların
sualları cavablandırılır və maarifləndirici materiallar təqdim
olunur”, psixoloq qeyd edib.

