TRIPP və Orta Dəhliz Qara Dəniz üzərindən həssas marşrutlara strateji alternativ yaradır

Baş səhifə

Bakı. Trend:

Orta Dəhliz və “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”
(TRIPP) Qara dəniz üzərindən həssas marşrutlara strateji alternativ
formalaşdırır.

Trend bu barədə
“The New Lines Institute” beyin mərkəzinə istinadən məlumat
verir.

Qeyd olunur ki, 2025-ci ilin avqust ayında TRIPP-in 99 illik
icarəyə verilməsi ilə bağlı elan və Azərbaycanın Mərkəzi Asiya
ölkələrinin məsləhətçi görüşlərində tamhüquqlu iştirakçı statusu
almasının məcmu təsiri Orta Dəhlizin institusional və diplomatik
dəstəyini gücləndirir.

“Hazırda Mərkəzi Asiyanı, Cənubi Qafqazı əhatə edən və Avropa,
eləcə də Türkiyə bazarları ilə əlaqələndirilən marşrutun geosiyasi
əhatə dairəsinin genişlənməsi infrastruktur və normativ-hüquqi
bazanın koordinasiyalı modernləşdirilməsinə, sərhəd prosedurlarının
harmonizasiyasına və multimodal logistikanın inkişafına stimul
yaradır. Qazaxıstan üçün bu o deməkdir ki, dəmir yollarına,
logistika və liman infrastrukturuna yatırımlar artıq təkcə milli
baxımdan səmərəli deyil, həm də daha inteqrasiya olunmuş Avrasiya
ticarət şəbəkəsinin əsas elementinə çevrilir”, – hesabatda
bildirilir.




Məlumata görə, TRIPP yalnız regional tranzit marşrutu və ya
ABŞ-nin regiondakı mövcudluğunu gücləndirən və əvvəllər yetərincə
istifadə olunmayan zonada layihələrin inkişafına təkan verən
geosiyasi irəliləyiş kimi deyil, daha geniş geo-iqtisadi əhəmiyyətə
malik müstəqil dəhliz kimi qiymətləndirilməlidir. Xüsusilə Orta
Dəhliz və Mərkəzi Asiyanın formalaşmaqda olan nəqliyyat
əlaqələndirmə arxitekturası ilə inteqrasiya olunduqda onun strateji
effekti daha da artır. Onun fiziki uzunluğu Avrasiya nəqliyyat
sistemləri ilə müqayisədə nisbətən məhdud ola bilər, lakin strateji
əhəmiyyəti bununla müqayisədə qeyri-mütənasib dərəcədə
böyükdür.

Qeyd edilir ki, coğrafi baxımdan TRIPP Mərkəzi Asiyadan kənarda
yerləşsə də, onun uzunmüddətli dayanıqlılığı Qazaxıstanın Orta
Dəhlizin dayaq həlqəsi kimi rolundan ayrılmazdır.

“Mərkəz bildirir ki, son 15 il ərzində Qazaxıstan dəmir yolu,
liman, avtomobil yolu və rəqəmsal logistika infrastrukturuna
təxminən 35 milyard dollar həcmində vəsaiti öz hesabına yatırıb ki,
bu da bütün marşrut boyunca analoqu olmayan investisiya miqyasıdır.
Bu ardıcıl investisiya siyasəti Qazaxıstanı Avrasiya quru
ticarətinin əsas struktur mərkəzinə çevirib və yük axınlarının
sürətli artımını təmin edib: son illərdə Orta Dəhliz üzrə
daşımaların həcmi illik ifadədə 60 faizdən çox artıb”, – mərkəz
qeyd edir.

Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan
Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan
ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar.
Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur
dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və
dövlətlərarası münasibətlər haqqında” Sazişi paraflayıblar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir