
Astana. Trend:
Qazaxıstanın “Air Astana” hava yolları şirkəti Almatıdan Bakıya
birbaşa hava reyslərini bərpa edir.
Trend bu barədə
“Air Astana”ya istinadən xəbər verir.
“15 mart 2026-cı il tarixindən etibarən Almatı–Bakı–Almatı
marşrutu üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar
günləri yerinə yetiriləcək. Aprel ayından etibarən reyslərin sayı
həftədə üç dəfəyə, may ayından isə dörd dəfəyə çatdırılacaq: bazar
ertəsi, cümə axşamı, cümə və bazar günləri”, – deyə şirkətin
məlumatında bildirilir.
Aviaşirkət həmçinin Atırau–Bakı–Atırau marşrutu üzrə müntəzəm
reyslərin sayını həftədə üç dəfəyə qədər artırır: 18 martdan
etibarən reyslər bazar ertəsi, çərşənbə və şənbə günləri; apreldən
isə çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə
yetiriləcək. Uçuş müddəti Almatıdan 3 saat 35 dəqiqə, Atıraudan isə
1 saat 25 dəqiqə təşkil edir.
Qazaxıstan vətəndaşlarına Azərbaycana səfər etmək üçün viza
tələb olunmur.
Qeyd edək ki, 2002-ci ildə təsis olunmuş “Air Astana”
aviaşirkəti Qazaxıstanın aparıcı və ən böyük aviadaşıyıcısıdır.

