Bolqarıstandakı “Şuşa” parkı belə olacaq (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi
nümayəndə heyətinin Bolqarıstan Respublikasına işgüzar səfəri davam
edir.

Səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə
Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi
arasında Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması və
yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Komitədən Trend-ə verilən məlumata görə, fevralın 12-də Anar
Quliyev Veliko Tırnovo şəhərinin meri Daniel Dimitrov Panovla
görüşüb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimovun da iştirak etdiyi görüşdə şəhərsalma və
memarlıq sahəsində əməkdaşlıq perspektivləri, tarixi şəhər
mühitinin qorunması və müasir ictimai məkanların yaradılması
istiqamətində təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Tərəflər qardaşlaşmış şəhərlər institutunun genişləndirilməsi,
Azərbaycan və Bolqarıstan şəhərləri arasında birbaşa əlaqələrin
gücləndirilməsi və birgə mədəni layihələrin həyata keçirilməsinin
əhəmiyyətini vurğulayıblar.

Anar Quliyev cari ilin mayında keçiriləcək Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyasını (WUF13) qlobal şəhər gündəliyinin
müzakirəsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından
mühüm platforma kimi dəyərləndirərək həmkarını bu mötəbər tədbirdə
iştirak üçün Bakıya dəvət edib.

Görüşdən sonra Komitə sədri Veliko Tırnovo şəhərində salınacaq
“Şuşa” parkının ərazisi ilə yerində tanış olub.

“Şuşa” parkı layihəsinin konsepsiyası Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi nəzdində fəaliyyət göstərən “Azərmemarlayihə”
Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb, detallı
layihələndirmə işləri isə Komitənin sifarişi əsasında Bolqarıstanın
“DAD Studio” LTD şirkəti tərəfindən icra olunub.

Şəhərin mərkəzi hissəsində yerləşən və 1,81 hektar ərazini əhatə
edən park şəhər sakinləri və qonaqlar üçün müasir ictimai məkan
kimi nəzərdə tutulub. Layihə çərçivəsində funksional zonalaşdırma,
piyada zolaqları, istirahət və rekreasiya sahələri, süni su hövzəsi
və musiqili fəvvarə planlaşdırılıb. Parkın ərazisində Nizami
Gəncəvinin abidəsi, “Şuşa” instalyasiyası, bədii həllində isə
xarıbülbül motivləri yer alacaq. Burada yerli iqlim şəraitinə uyğun
yaşıllaşdırma və abadlıq işləri görüləcək.

Veliko Tırnovo şəhərində “Şuşa” parkının salınması Azərbaycanla
Bolqarıstan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha
da möhkəmlənməsinə, eləcə də milli-mədəni dəyərlərimizin beynəlxalq
müstəvidə təşviqinə xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir