
Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin yekunları və
kapital bazarlarının gücləndirilməsi ilə bağlı görüləcək işlər
müzakirə olunub.
Trend xəbər verir
ki, bu barədə AMB sədri Taleh Kazımov öz rəsmi “X” sosial şəbəkə
hesabında yazıb.
“Mərkəzi Bankda Azərbaycan Kapital Bazarları Assosiasiyası
(AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və
investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşümüz oldu. Görüş
çərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarında
müşahidə olunan meyillər, sektorun inkişafına təsir edən əsas
amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı
məsələləri müzakirə etdik.
Bu zaman kapital bazarlarının davamlı inkişafı, investisiya
şirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investor
hüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi
istiqamətində görüləcək işlərdən danışdıq”, -deyə sədr yazıb.
Onun sözlərinə görə, görüşdə həm də mövcud qanunvericilik
bazasının təkmilləşdirilməsi, həmçinin kapital bazarlarının
inkişafının dəstəklənməsinə yönəlmiş təşəbbüslər barədə fikir
mübadiləsi aparılıb.

