
Bakı. Trend:
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifələri
artırılıb.
Trend-in
məlumatına görə, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin
birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, KTN “Naxçıvan Muxtar Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən edilən
fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə
yetirəcək:
- Naxçıvan Muxtar Respublikasında akvakultura obyektlərinin
istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi,
torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənin
inkişafı ilə əlaqədar proqramlar hazırlamaq və onların icrasını
təmin etmək; - şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmış
bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına
razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və
onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini
təşkil etmək; - “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun
tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları
növlərinin üstün mühafizə rejimini müəyyən etmək, balıqçılıq
subyektlərinin uçotunu aparmaq; - daxili sularda suyun bioloji sərvətlərinin istismarı həcmini və
elmi əsaslandırılmış rejimini müəyyən etmək; - balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin
əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında
qanunvericiliyə uyğun akvakultura əmtəə balıqçılığının yaradılması
üçün tədbirlər görmək; - ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə
sxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla
müəyyən etmək; - dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və
digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi
məqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq,
aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə balıq və digər
su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi,
balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi,
kadastrı və meliorasiyası işlərini həyata keçirmək; - qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər
görmək; - akvakultura təsərrüfatı subyektləri üçün bioloji və texnoloji
əsaslandırmanı qeydiyyata almaq və şəhadətnamə vermək; - balıq və digər su bioresurslarının bərpası və mühafizəsi
məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması,
saxlanması, istifadəsi üzrə texniki normativ hüquqi aktlar qəbul
etmək, törədici balıqların və onların sürülərinin uçotunu
aparmaq; - balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və
iqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək; - balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada
artırılması və yetişdirilməsi nəzərdə tutulan keçici, yarımkeçici
balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su
bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər
hazırlamaq; - daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması
və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq
növlərinin törədici fondunun yaradılmasına və qorunub
saxlanılmasına dair təkliflər hazırlamaq; - balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki
normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq
körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını
aparmaq, balıq və digər su bioresursları körpələrinin su
obyektlərinə buraxılışı aktını tərtib etmək; - Naxçıvan Muxtar Respublikasının su obyektlərində balıqçılığa
aid qanunvericiliyə uyğun olaraq, beynəlxalq hüquq normaları
əsasında xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə, balıq və
digər su bioresurslarından istifadə hüququ verilməsini təmin
etmək; - balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan
hüquqi və fiziki şəxslərə vətəgə sahələrinin, idman və həvəskar ov
üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya
onların müəyyən hissəsinin ayrılmasına dair tədbirlər görmək; - daxili sularda suyun bioloji sərvətlərinin istismarının həcmini
və elmi əsaslandırılmış rejimini müəyyən etmək, o cümlədən, onların
ovu və artırılması ilə bağlı işləri tənzimləməklə, süni yolla
çoxaldılmasını həyata keçirmək; - hər il növbəti təqvim ili üçün balıq və digər su
bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının),
balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri
üzrə bölgüsünü müəyyənləşdirmək; - təbii balıqçılıq su obyektlərinə balıq və digər su
bioresurslarının yeni növlərinin və hibrid formalarının
buraxılmasına nəzarət etmək; - Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş
nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının
qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri
(akvatoriyalar) müəyyən etmək.

