Süni intellekt və rəqəmsallaşma ölkənin strateji prioritetidir – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

11 fevral 2026-cı ildə Prezident İlham Əliyevin sədrliyi ilə
keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid
fəaliyyət planına həsr olunmuş müşavirə ölkənin inkişaf
strategiyasında keyfiyyətcə yeni mərhələnin anonsu kimi
qiymətləndirilə bilər.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

O bildirib ki, rəqəmsallaşma artıq texnoloji modernləşmə
məsələsi deyil, dövlətlərin iqtisadi gücünü, idarəetmə
səmərəliliyini və geosiyasi çəkisini müəyyən edən əsas faktora
çevrilib:

“Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması,
rəqəmsal platformaların inteqrasiyası və kibertəhlükəsizlik
məsələləri bu gün qlobal rəqabətin mərkəzində dayanır. Məhz bu
baxımdan müşavirənin gündəliyi təkcə texniki yeniliklərin
müzakirəsi deyil, Azərbaycanın gələcək inkişaf modelinin
konturlarının müəyyənləşdirilməsi kimi dəyərləndirilməlidir.
Prezident İlham Əliyevin müşavirədə rəqəmsallaşma və süni
intellekti Azərbaycanın gələcək inkişafını şərtləndirən əsas
amillər kimi təqdim etməsi ölkənin strateji prioritetlərini
müəyyənləşdirərək rəqəmsal transformasiyanı milli inkişaf modelinin
mərkəzi komponentinə çevirmək niyyətini nümayiş etdirir”.

Azər Qarayev qeyd edib ki, dünyada gedən proseslər artıq
texnoloji üstünlüyü ölkələrin strateji güc faktoruna çevirib və bu
sahədə geri qalmaq inkişaf tempinin zəifləməsi deməkdir:

“Məhz bu baxımdan rəqəmsal transformasiyanın prioritet elan
olunması təsadüfi deyil, qlobal çağırışlara adekvat cavabdır.
Prezident İlham Əliyevin müşavirədə mövcud nəqliyyat və enerji
dəhlizlərinin yalnız fiziki infrastruktur kimi deyil, həm də
regional rəqəmsal əlaqələrin əsas platforması olduğunu vurğulaması
Azərbaycanın Şərq və Qərb arasında informasiya axınını
gücləndirərək regional rəqəmsal qovşaq kimi rolunu möhkəmləndirmək
strategiyasını aydın şəkildə ortaya qoyur. Fiber-optik kabellərin
bu mövcud tranzit xətləri üzərində inteqrasiyası Azərbaycanın Şərq
və Qərb bazarları arasında strateji informasiya mərkəzinə
çevrilməsini təmin edəcək. Prezident İlham Əliyevin müşavirədə qeyd
etdiyi kimi, bu təşəbbüs həm regional rəqəmsal inteqrasiyanın
sürətlənməsinə, həm də ölkənin geosiyasi mövqeyinin güclənməsinə
xidmət edəcək. Bu layihə Azərbaycanın qlobal məlumat axınında daha
aktiv rol almasını təmin edəcək və informasiya təhlükəsizliyini
maksimum səviyyədə qorumağa imkan yaradacaq”.

Politoloq həmçinin bildirib ki, paralel strateji tərəfdaşlıqlar
Azərbaycanın nadir geosiyasi balansının təminatıdır və ölkəyə həm
iqtisadi, həm də rəqəmsal sahələrdə beynəlxalq əməkdaşlıq
imkanlarını genişləndirməyə şərait yaradır:

“Bu, yalnız iqtisadi və investisiya sahələrində deyil, eyni
zamanda rəqəmsal infrastrukturun inkişafında da mühüm rol oynayır.
ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası, Avropa ölkələri və Çinlə
imzalanmış sənədlər Azərbaycanın qlobal texnoloji əməkdaşlıq
imkanlarını genişləndirir. Bu nadir balans ölkəyə həm rəqabət
üstünlüyü, həm də layihələrin beynəlxalq standartlara uyğun
icrasını təmin etmək imkanı verir”.




Politoloq Azər Qarayev bildirir ki, müşavirədə Prezident İlham
Əliyevin dövlət xidmətlərinin vahid platforma üzərindən
mərkəzləşdirilməsi barədə dedikləri idarəetmənin səmərəliliyini
artırmaqla yanaşı, vətəndaşlara xidmətlərin şəffaf və əlçatan
şəkildə təqdim olunmasını təmin edən strateji addım kimi
qiymətləndirilməlidir:

“MyGov” sistemi vasitəsilə bütün xidmətlərin bir ünvanda təqdim
olunması idarəetməni optimallaşdırır, vətəndaş məmnunluğunu artırır
və proseslərin şəffaflığını təmin edir. Mövcud müxtəlif
platformaların koordinasiyalı şəkildə birləşdirilməsi artıq
prioritetdir və bu, rəqəmsal idarəetmənin institusional
dayanıqlığını təmin edən əsas mexanizmdir. Hər bir vətəndaşın eyni
standart və keyfiyyətdə xidmət alması üçün bu vahid sistemin
sürətlə tətbiqi vacibdir”.

Azər Qarayev qeyd edib ki, Prezident İlham Əliyevin rəqəmsal
inkişafın yalnız texnologiya ilə məhdudlaşmadığını, kadr hazırlığı
və təhsil sahəsində ciddi islahatların vacib olduğunu bildirməsi
ölkənin uzunmüddətli dayanıqlılığını təmin etmək və gələcək
nəsillərin rəqəmsal transformasiyaya hazırlığını təmin etmək
məqsədini əks etdirir:

“Ali təhsil müəssisələrində süni intellekt və rəqəmsal
texnologiyalar üzrə ixtisasların inkişafı, dövlət xətti ilə xaricə
göndərilən tələbələrin peşəkarlığının artırılması uzunmüddətli
dayanıqlığın təminatıdır. Orta məktəb tədris proqramlarında ilkin
rəqəmsal biliklərin verilməsinin vacibliyi gənc nəsildə innovativ
düşüncə tərzinin formalaşmasına və ölkənin rəqəmsal
transformasiyaya uyğunlaşmasına xidmət edir”.

Politoloq onu da bildirib ki, Prezident İlham Əliyevin süni
intellektin dövlət idarəçiliyində tətbiqini idarəetmənin
keyfiyyətcə yeni mərhələsi kimi təqdim etməsi qərarvermə
proseslərinin daha analitik, çevik və nəticəyönümlü əsaslar
üzərində qurulmasına yönəlmiş strateji yanaşmanın ifadəsi kimi
dəyərləndirilə bilər:

“Süni intellekt alətləri qərarvermə proseslərini daha çevik və
analitik əsaslı edir, resursların səmərəli bölüşdürülməsinə,
proseslərin optimallaşdırılmasına və subyektiv faktorların minimuma
endirilməsinə imkan yaradır. Bu sistem yalnız yüksək səviyyəli
strateji qərarlarda deyil, həmçinin gündəlik inzibati fəaliyyətin
səmərəliliyində də geniş tətbiq olunmalıdır. Bu yanaşma
idarəetmənin effektivliyini və dövlət xidmətlərinin keyfiyyətini
artıracaq”.

Azər Qarayev bildirib ki, Prezident İlham Əliyevin müşavirədə
kibertəhlükəsizlik sahəsini Azərbaycanın rəqəmsal inkişaf
strategiyasında prioritet kimi təqdim etməsi artan qlobal kiber
risklər fonunda milli rəqəmsal suverenliyin və informasiya
təhlükəsizliyinin qorunmasının dövlət siyasətinin ayrılmaz tərkib
hissəsinə çevrildiyini göstərir. Bu yanaşma Azərbaycanın rəqəmsal
müstəqilliyini qorumaq və informasiya təhlükəsizliyini təmin etmək
baxımından həlledici əhəmiyyətə malikdir.

Politoloqun fikrincə, bütün bu istiqamətlərin vahid fəaliyyət
planı çərçivəsində sistemləşdirilməsi Azərbaycanın rəqəmsal
transformasiyasına institusional və strateji təkan verəcək. Bu isə
ölkənin həm regional, həm də qlobal miqyasda rəqəmsal güc
mərkəzlərindən birinə çevrilməsi üçün real zəmin formalaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir