
Bakı.Trend:
Qanunsuz medallar təsis etməkdə təqsirləndirilən “Beynəlmiləlçi
Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucovun məhkəməsi
başlayıb.
Trend xəbər
verir ki, Səbail rayon Məhkəməsində keçirilən prosesdə tərəflərin
anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah
edilib.
Daha sonra hakim işin baxışa verilməsi barədə qərar qəbul
edib.
Baxış iclası fevralın 25-ə təyin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən qeyri-hökumət təşkilatlarının vəzifəli şəxslərinin
qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq ibtidai istintaq
aparılıb.
İbtidai istintaqla “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun
prezidenti Sərraf Orucovun səlahiyyətləri olmadığı halda, təsis
etdikləri müxtəlif adda medal və döş nişanlarını pul müqabilində və
şəxsi münasibətlərə görə çoxsaylı şəxslərə təqdim etməklə, dövlət
orqanları tərəfindən müvafiq xidmətlərinə görə vətəndaşlara verilən
orden və medallara münasibətdə cəmiyyətdə yanlış təsəvvür və
çaşqınlıq yaratmalarına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən Sərraf Orucov Cinayət Məcəlləsinin 309.1-ci
(vəzifə səlahiyyətlərini aşma) maddəsilə ittiham edilib.

