Bələdiyyələrə sanksiya mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Yerli özünüidarəetmənin daha səmərəli və funksional institut
kimi formalaşdırılması üçün sistemli islahatların həyata
keçirilməsi zəruridir. Bələdiyyələrin fəaliyyətini kompleks
tənzimləyən yeni qanunvericilik bazasının hazırlanması və seçki
mexanizmlərinin daha çevik, rəqabətli əsaslarla təşkili
məqsədəuyğundur.

Trend xəbər
verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında
bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi
ilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsinin
müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, institusional sabitliyin təmin
edilməsi üçün dövlət qulluqçularının statusuna uyğun sabit
bələdiyyə qulluqçuları korpusunun, o cümlədən icra katibliyi və
aparat əməkdaşlarının formalaşdırılması vacibdir. Eyni zamanda, iri
şəhərlərdə vahid “Böyük şəhər bələdiyyəsi” modelinin yaradılması
imkanları nəzərdən keçirilməlidir.




“Bələdiyyələrin onlayn iclas keçirmək səlahiyyətinin
qanunvericiliklə təsbit olunması, ərazi sərhədlərini əks etdirən
xəritələrin rəsmi qaydada təqdim edilməsi idarəetmənin
effektivliyini artıracaq.

Maliyyə dayanıqlığının gücləndirilməsi məqsədilə məişət
tullantılarının idarə olunması səlahiyyətlərinin müvafiq
resurslarla birlikdə bələdiyyələrə verilməsi, tullantı
poliqonlarının iri şəhər bələdiyyələrinin idarəetməsinə ötürülməsi,
vergi və icarə haqlarının iqtisadi əsaslarla müəyyənləşdirilməsi,
habelə vergi intizamının təmin edilməsi üçün sanksiya
mexanizmlərinin tətbiqi nəzərdən keçirilə bilər.

Bununla yanaşı, qəbiristanlıqların bələdiyyələrin balansına
verilməsi və “Bələdiyyələrin operativ təminat fondu”nun yaradılması
yerli problemlərin çevik həllinə xidmət edəcək”, – deyə S.Novruzov
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir