Elektron ticarətlə məşğul olanların nəzərinə – Yeni qanun qəbul edildi

Baş səhifə

Bakı. Trend:

Elektron ticarəti həyata keçirən qeyri-rezident şəxslərin ƏDV
məqsədləri üçün vergi uçotuna alınması mexanizmi
təkmilləşdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, vergi orqanlarında uçotda olmayan
şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim
edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı
vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər
(Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident
hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi
nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və
xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10
000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün
müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Burada
qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən
aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması
könüllü olaraq həyata keçiriləcək.

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis
xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri
ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində
göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil,
mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn
sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron
ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.




Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət
qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə
edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti
həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan
Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident
fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron
qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan
çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV
bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən ediləcək.

Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydada
uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat
dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec
olmayaraq büdcəyə ödəməyə borclu olacaq.

Qüvvədə olan qanunvericiliyə görə, rezidentlərə elektron ticarət
qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə
edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti
həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan
Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident
fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron
qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan
çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV
bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
üçüncü oxunuşda qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir