
Bakı. Trend:
Müasir dünyada dövlətlərin real gücü artıq təkcə təbii
resursların həcmi ilə deyil, bu resursların hansı texnoloji
arxitektura üzərində idarə olunması ilə ölçülür.
Bu sözləri Trend-ə
açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O qeyd edib ki, qlobal iqtisadiyyat sürətlə rəqəmsal müstəviyə
keçid edir və bu keçiddə süni intellekt, böyük verilənlər bazaları
və data mərkəzləri yeni inkişaf xəritəsini formalaşdıran əsas
sütunlara çevrilir: “ Bu reallıq fonunda Azərbaycanın strateji
seçimləri təsadüfi deyil, düşünülmüş və uzunmüddətli dövlət
baxışına söykənir. Prezident İlham Əliyevin “Azərbaycanın yeni
rəqəmsal arxitekturası”na həsr olunmuş müşavirədə nümayiş etdirdiyi
yanaşma onu göstərir ki, rəqəmsallaşma ölkə üçün texniki yenilənmə
deyil, gələcək inkişaf modelinin əsas dayağı kimi qəbul edilir.
Süni intellektin tətbiqi və data mərkəzlərinin qurulması artıq
yalnız innovasiya məsələsi deyil, milli rəqabət qabiliyyətinin açar
faktorudur. Bu yanaşma Azərbaycanın gələcək iqtisadi
trayektoriyasını əvvəlcədən müəyyənləşdirən strateji qərar kimi
dəyərləndirilməlidir”.
Millət vəkili Prezident İlham Əliyevin Azərbaycanın bu sahədə
əsas üstünlüklərindən birinin qlobal maliyyə ekosisteminə dərin
inteqrasiyasından ibarət olması barədə səsləndirdiyi fikirlərin
önəmini xüsusi vurğulayıb:
“Dünyanın ən böyük maliyyə resurslarını idarə edən fondlarla
qurulmuş uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətləri ölkəyə
yalnız kapital axını deyil, həm də qabaqcıl idarəetmə təcrübəsi
qazandırır. Azərbaycan Dövlət Neft Fondunun illərdir bu
təsisatlarla əməkdaşlıq etməsi ölkənin maliyyə etibarlılığının
beynəlxalq səviyyədə qəbul edildiyini açıq şəkildə göstərir. Bu
etimad mühiti isə rəqəmsal iqtisadiyyata yönələn investisiyalar
üçün möhkəm zəmin yaradır. Prezident İlham Əliyevin vurğuladığı
əsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsallaşma
sahəsində aparıcı ölkə olan Amerika şirkətləri ilə qurulan əlaqələr
artıq institusional çərçivəyə salınıb. ABŞ ilə imzalanmış Strateji
Tərəfdaşlıq Xartiyası bu baxımdan yalnız siyasi sənəd deyil, həm də
texnoloji əməkdaşlığın yol xəritəsidir. Bu sənəd data mərkəzləri,
süni intellekt və rəqəmsal infrastruktur sahəsində Azərbaycanın
qlobal texnoloji zəncirə birbaşa qoşulmasını təmin edir. Eyni
zamanda, Avropa İttifaqına üzv ölkələrlə mövcud strateji
tərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış və
çoxtərəfli yanaşmasını nümayiş etdirir. Texnoloji rəqabətdə fərqli
sürətlər mövcud olsa da, Avropa şirkətləri ilə əməkdaşlıq rəqəmsal
transformasiyanın institusional və normativ tərəflərinin
möhkəmləndirilməsində mühüm rol oynaya bilər. Bu isə Azərbaycanın
texnologiya transferində yalnız bir mərkəzdən asılı qalmadığını
göstərir. Qlobal maliyyə mərkəzləri ilə qurulmuş etibarlı əlaqələr,
aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq və dövlət səviyyəsində
müəyyən edilmiş aydın prioritetlər ölkəni regionda deyil, daha
geniş miqyasda rəqəmsal cazibə mərkəzinə çevirmək potensialına
malikdir”.

