
Bakı. Trend:
Azərbaycanda özəl tibb müəssisələrində onkoloji xəstəliklərin
müayinə və müalicəsi həyata keçiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan “Onkoloji yardım haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, onkoloji yardım
ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində və “Lisenziyalar və
icazələr haqqında” Qanununa uyğun olaraq lisenziya almış özəl tibb
müəssisələrində (lisenziyanın əlavəsinə uyğun olaraq) həyata
keçiriləcək.
“Özəl tibb fəaliyyəti haqqında” Qanuna əsasən, özəl tibb
müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin
göstərdiyi tibbi yardıma görə ödəniş, yəni bilavasitə xəstələrlə
bağlanmış müqavilələr, üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə
və vətəndaşlarla müqavilələr, icbari və könüllü tibbi sığorta üzrə
göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış
müqavilələr xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr
əsasında həyata keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla
(o cümlədən könüllü tibbi sığorta üzrə tibbi xidmətlər
göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr
çərçivəsində göstərdikləri tibbi xidmətlərin tarifləri tərəflər
arasında razılaşmaya görə müəyyənləşdirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin tibbi xidmətlərin
göstərilməsi haqqında müqavilə bağlayıb-bağlamamasından asılı
olmayaraq ehtiyacı olan şəxslərə göstərilən təcili tibbi yardıma
görə ödəniş göstərilən tibbi xidmətlərin müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflərə
uyğun olaraq icbari tibbi sığorta vəsaitləri hesabına həyata
keçirilir.
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan
fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir
əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) 500
manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər “Nağdsız
hesablaşmalar haqqında” Qanuna uyğun olaraq yalnız nağdsız qaydada
həyata keçirilir.
“Onkoloji yardım haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsinə əsasən, onkoloji xəstələrin özəl
tibb müəssisələrində müayinəsi və müalicəsi yuxarıda qeyd edilən
müddəalara uyğun olaraq həyata keçiriləcək.
Dəyişikliyin əsaslandırması
Bildirilib ki, hazırda “Onkoloji yardım haqqında” Qanunun
tələblərinə əsasən, onkoloji xidmət yalnız onkoloji xidmət
göstərilməsi üçün ixtisaslaşmış dövlət müəssisələri tərəfindən
həyata keçirilir. Bu xüsusda, Azərbaycan Respublikasının vətəndaşı
olan onkoloji xəstələrə tibbi yardım dövlət tibb müəssisələrində
dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Həmçinin, dövlət
tərəfindən onkoloji xəstələrin dispanserizasiyası, müayinə, müalicə
və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış dövlət tibb
müəssisələrinin, onkoloji xidmət strukturlarının yaradılması və
onların maddi-texniki bazasının gücləndirilməsinə təminat
verilir.
Onkoloji xəstələrə müalicə-diaqnostika yardımı fərdi müraciət və
ya müalicə-profilaktika müəssisəsinin göndərişi əsasında
ixtisaslaşdırılmış onkoloji müəssisələrdə göstərilir. Onkoloji
xəstələrin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə
tədbirlər dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
“Əhalinin sağlamlığının qorunması haqqında” Qanun pasiyentin öz
razılığı ilə həkimi, o cümlədən müalicə həkimini və
müalicə-profilaktika müəssisəsini seçmək hüququnu təsbit edir. Yəni
pasiyent öz iradəsi ilə dövlət və ya özəl tibb müəssisəsində
müalicə almaq hüququna malikdir. Lakin, “Onkoloji yardım haqqında”
Qanuna əsasən, vətəndaşlar yalnız ixtisaslaşdırılmış dövlət tibb
müəssisələrində xidmət ala bilərlər.
Qeyd edilənlərə əsasən, hər hansı özəl tibb müəssisəsi bu
fəaliyyətlə məşğul olarsa, lisenziyadan kənar fəaliyyət hesab
olunur və məsuliyyətə cəlb edilir. Hazırda ölkədə onkoloji yardım
alan xəstələrin çoxluğu, təminatın sırf dövlət büdcəsi hesabına
həyata keçirilməsi vətəndaşların ölkə xaricinə üz tutmasına səbəb
olur. Halbuki, ölkə ərazisində onkoloji yardım xidməti ilə məşğul
ola biləcək müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı
həkimlərin fəaliyyət göstərdiyi özəl tibb müəssisələri
mövcuddur.
Bu səbəbdən, sözügedən problemin aradan qaldırılması
məqsədilə “Lisenziyalar və icazələr haqqında” Qanunun tələblərinə
əsasən özəl tibb müəssisələri tərəfindən onkoloji yardımın həyata
keçirilməsi təklif edilir.
Layihənin qəbul olunması nəticəsində ixtisaslaşdırılmış özəl
tibb müəssisələri ilə yanaşı, “Lisenziyalar və icazələr haqqında”
Qanunun tələblərinə əsasən, yalnız onkoloji yardım üzrə lisenziyaya
malik özəl tibb müəssisələri tərəfindən xidmət həyata
keçiriləcək.
Bu isə vətəndaşların öz iradəsinə əsasən istənilən tibb
müəsisəsində tibbi xidmət almasına səbəb olmaqla Azərbaycan
Respublikasının vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin öz mülahizələrinə əsasən müstəqil surətdə öz
müalicə həkimlərini seçmək və müvafiq tibb müəssisəsində müalicə
almaq hüququ təmin ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq
üçüncü oxunuşda qəbul edilib.

