Rəqəmsal transformasiya Azərbaycanda sürətlə reallaşır

Baş səhifə

Bakı. Trend:

Müasir dünyamız rəqəmsallaşma və cəmiyyət həyatının
müxtəlif sahələrində süni intellekt imkanlarından fəal şəkildə
istifadə dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, bu gün
dövlətlərin inkişaf göstəriciləri müxtəlif siyasi və
sosial-iqtisadi çağırışlarla yanaşı, elmdə, təhsildə, idarəetmədə,
iqtisadiyyatda, vətəndaşlara göstərilən xidmətlərdə və digər
sahələrdə rəqəmsal həllərin tətbiq səviyyəsi ilə müəyyən
edilir.

Respublikamızda da inkişafa dair qarşıya qoyulmuş vəzifələrin
realizə edilməsində çağdaş çağırışlar və tendensiyalar nəzərə
alınır. Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət
planına həsr olunan müşavirənin keçirilməsi göstərir ki, rəqəmsal
transformasiyanın sürətləndirilməsi, rəqəmsal infrastrukturun, süni
intellekt üzrə informasiya texnologiyalarının və onların idarə
edilməsi mexanizmlərinin inkişafı və təkmilləşdirilməsi, bu sahədə
ixtisaslı kadr potensialının gücləndirilməsi qarşıdakı dövrdə
respublikamızda prioritet vəzifələrdən biri olacaq.

Prezident İlham Əliyevin müşavirədə qeyd etdiyi kimi, süni
intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma
ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını
müəyyən edir. Təcrübə də göstərir ki, rəqəmsallaşma və süni
intellekt sistemləri müxtəlif sahələrdə cəmiyyət həyatına
üstünlüklər qazandırır. Buna görə də bir sıra dövlətlər süni
intellektlə bağlı ayrıca strategiyalar qəbul ediblər. Prezident
İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasının 2025–2028-ci illər üçün süni intellekt
Strategiyası”nın təsdiq olunması bir daha sübut edir ki,
respublikamız bu sahədə qlobal trendlərlə ayaqlaşır, zamanında
onlara adekvat qərarlar qəbul edir.

Lakin onu da qeyd etməliyik ki, süni intellektin tətbiqi və
rəqəmsal transformasiya ölkəmiz üçün yenilik deyil. Azərbaycanda bu
istiqamətdə bir sıra uğurlu işlər görülüb və müşavirədə onlar
barədə ətraflı bəhs olundu. Bu sahədə başlıca addımlardan biri
təkmil hüquqi bazanın formalaşdırılmasıdır. Belə ki, “Azərbaycan
Respublikasının 2025–2028-ci illər üçün süni intellekt
Strategiyası”nın təsdiqlənməsindən sonra təxminən 200-dən çox
normativ-hüquqi aktda düzəlişlər olunub və yeniləri qəbul edilib.
Müvafiq texnoloji mexanizmlərin yaradılmasına gəldikdə, “Onlayn
Azərbaycan” layihəsi uğurla başa çatdırılıb və bu gün ölkəmizdə
internetin orta sürəti 90 meqabit/saniyədir. İlin sonuna qədər bu
rəqəmin 200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır. Bu gün
Azərbaycanın bütün ərazilərində genişzolaqlı internet xidmətləri
təqdim olunur. Bunlarla yanaşı, respublikamızın data mərkəzi –
“hökumət buludu” tam şəkildə qurulub, “mygov” platforması
istifadəçilərin xidmətinə təqdim olunub. “SİMA” Biometrik İmzanın
tətbiqi də ölkəmizdə rəqəmsal transformasiyanın uğurlu
göstəricilərindən biridir. “SİMA”nın təqdim edilməsi ilə dövlət
xidmətlərinin həyata keçirilməsinin, o cümlədən, vətəndaşlarla bank
xidmətlərinin göstərilməsinin olduqca asanlaşması, daha çevik və
operativ məzmun alması vətəndaşlar tərəfindən böyük razılıq və
rəğbətlə qarşılanır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və
quruculuq işlərində ən müasir texnoloji imkanlardan geniş istifadə
olunması, «ağıllı şəhər» və «ağıllı kənd» konseptlərinin tətbiq
edilməsi, rəqəmsal idarəetmənin həyata keçirilməsi respublikamızın
sürətli rəqəmsal transformasiyasından xəbər verir. Göründüyü kimi
rəqəmsal transformasiya bir çox sahələrdə respublikamızın
inkişafının əsas prinsiplərindən biri kimi çıxış edir. Bütün bunlar
həm də ölkədə rəqəmsal transformasiyanın institusional və texnoloji
bazasının yaradılması deməkdir.

Lakin rəqəmsal transformasiyanın özü də sürətli bir prosesdir.
Artıq elə bir dövrə qədəm qoymuşuq ki, vaxtilə hər birimizə xəyal
kimi görünən texnoloji inkişafın şahidiyik. Bütün bunlar
respublikamızda da rəqəmsal transformasiya və süni intellekt
həllərinin tətbiqi istiqamətində yeni yanaşmaların ortaya
qoyulmasını, mövcud fəaliyyət mexanizmlərinin müasir tələblərə
uyğunlaşdırılmasını zəruri edir. “Azərbaycanın yeni rəqəmsal
arxitekturası” adlı vahid fəaliyyət planının hazırlanması da bu
zərurətdən irəli gəlir.

Prezident İlham Əliyev müşavirədə bununla bağlı konkret
vəzifələr də müəyyən etdi, tapşırıqlarını verdi. Dövlət başçısının
tapşırıqlarından biri rəqəmsal transformasiyanın sürətləndirilməsi,
süni intellekt həllərinin dövlət müəssisələrində geniş tətbiqi üçün
dövlət qurumları arasında çox sıx koordinasiyanın aparılması ilə
bağlı oldu. Belə ki, dövlət qurumları arasında sıx təmaslar olmalı,
pərakəndəliyə yol verilməməlidir. Hər bir dövlət qurumunda rəqəmsal
transformasiyanın sürətləndirilməsi prioritet sayılmalı, işlərin
daha səmərəli təşkili üçün ilk növbədə, nazirliklərdə müavinlərdən
biri rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə
fəaliyyət göstərməlidir.

Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri də
dövlət xidmətlərinin vahid mərkəzdən həyata keçirilməsi ilə bağlı
oldu. Məlumdur ki, son illər ərzində müxtəlif dövlət qurumları
tərəfindən xidmətlərlə bağlı platformalar və tətbiqlər istifadəyə
verilib. Lakin dövlət xidmətlərinin koordinasiyalı şəklində
aparılması üçün yaradılan bu platforma və tətbiqlər tədricən ləğv
edilməli, bütün xidmətlər “mygov” platforması üzərindən təqdim
olunmalıdır.

Müşavirədə qarşıya qoyulan vəzifələrdən biri də
kibertəhlükəsizliklə bağlı oldu. Prezident İlham Əliyev bu sahəyə
ciddi diqqət göstərilməsini vacibliyini xüsusi qeyd edərək
dedi:

“Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən
edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox
mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun
mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü
bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi
diqqət göstərilməlidir​”.

Geniş anlayış olan kibertəhlükəsizlik özündə bir sıra
elementləri birləşdirir ki, onlardan da biri informasiya
təhlükəsizliyidir. Məlumdur ki, antiazərbaycançı ünsürlər, o
cümlədən Qərb ölkələrində mənzillənmiş erməni lobbisi tərəfindən
respublikamıza qarşı qarayaxma kampaniyası əsasən informasiya
məkanında aparılır. Bunun ən çirkin nümunələrindən biri 44 günlük
Vətən müharibəsi zamanı özünü göstərmişdi. Belə ki, müharibə
günlərində ölkəmizə qarşı kiberməkanda genişmiqyaslı məkrli
informasiya müharibəsi aparılır, xaricdən idarə olunan sosial
şəbəkələrdə riyakarcasına böhtanlar və saxta məlumatlar dövriyyəyə
buraxılırdı. Lakin həmin vaxt Azərbaycan dövləti hərb meydanında
olduğu kimi informasiya cəbhəsində də qalib gəldi. Prezident İlham
Əliyev xarici KİV-ə verdiyi müsahibələrlə antimilli ünsürlərin
informasiya məkanındakı şər və böhtan kampaniyalarını darmadağın
etdi.

Respublikamıza qarşı kiberməkanda hibrid müharibənin müxtəlif
elementləri indi də görünməkdədir. Antiterror əməliyyatları zamanı
Qarabağda erməni separatizminin məhv edilməsi, ərazi bütövlüyümüzün
bərpa olunması, respublikamızın regional və qlobal mövqelərini
möhkəmləndirməsi, bir sözlə, Prezident İlham Əliyevin
respublikamıza qazandırdığı hər bir uğur antimilli ünsürləri
narahat etməkdədir. Adını müxalifətçi qoyan bu xəyanətkar qruplaşma
xüsusən sosial şəbəkə platformalarında dövlətimizin milli
maraqlarına ləkə vurmağa cəhdlər göstərir. Lakin Azərbaycan
dövlətinin uğurları və prinsipial siyasəti onların yalan və saxta
məlumatlarını elə informasiya məkanında da iflasa uğradır. Eyni
zamanda, ölkəmizdə kiberməkanda milli maraqların qorunması,
informasiya təhlükəsizliyi sahəsində əsas vəzifələrin yerinə
yetirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Qarşıdakı
dövrdə də rəqəmsal transformasiya müstəvisində respublikamızın
informasiya təhlükəsizliyinin qorunması əsas vəzifələrdən biri
olacaq.

Azərbaycanın uğurları göstərir ki, müasir çağırışlar
respublikamızda sürətlə həyata vəsiqə alır. Ölkəmizin enerji
təhlükəsizliyi ilə bağlı qlobal müzakirələrdə söz sahibi kimi çıxış
etməsi, nəqliyyat dəhlizləri ilə bağlı beynəlxalq rəqabətdə
üstünlüklər əldə etməsi, habelə kosmik kluba daxil olması bunun
bariz təzahürləridir. Bu gün həm də rəqəmsallaşma və süni intellekt
həllərinin tətbiqi ölkələrin davamlı inkişafının əsas şərti və
təməl prinsiplərindən biri kimi çıxış edir. Bu reallığı vaxtında və
düzgün dəyərləndirən dövlətlər dayanıqlı inkişafı təmin edə
biləcəklər.

Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni
rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunan
müşavirə göstərdi ki, rəqəmsal transformasiya ilə bağlı çağırışlar
respublikamızda zamanında və düzgün dəyərləndirilir. Bu istiqamətdə
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi Azərbaycanın modern
dövlət kimi yüksəlişinə layiqli töhfələr verəcək. Mühüm məqamlardan
biri də budur ki, rəqəmsal transformasiya ilə bağlı qarşıda duran
vəzifələrin yerinə yetirilməsi üçün əsas tələblər kimi özünü
göstərən makroiqtisadi və siyasi sabitlik respublikamızda tam
bərqərar edilib. O cümlədən, qərarvermədə dövlətimizin çevik olması
Azərbaycanda sürətli rəqəmsal transformasiyanın əsas amili kimi
özünü göstərir.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir