
Bakı.Trend:
Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə maraq göstərməklə
yanaşı, bunu real addımları ilə təsdiqləyir. İdarəçilik sistemində
təkmilləşmə, Azərbaycan brendi kimi dünyaya səs salan layihələrin
uğurlu icrası, bütün sahələrdə malik olduğu zəngin təcrübəsi ev
sahibliyi etdiyi beynəlxalq tədbirlərin platformasından təqdim
etməsi və sair kimi mühüm məqamlar ölkəmizə müsbət beynəlxalq
baxışa daim əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Bu
günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən
“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət
planına həsr olunmuş müşavirə də mühüm çağırışları, Azərbaycanın
malik olduğu üstünlüklərin təqdimatını, qarşıda dayanan hədəfləri
özündə ehtiva edir. Hazırkı dövrdə rəqəmsal inkişaf xüsusi diqqət
göstərilən məsələlər sırasındadır. “Bu məsələ bizim gələcək
inkişafımızı böyük dərəcədə şərtləndirəcək” söyləyən Prezident
İlham Əliyev vurğuladı ki, dünyada gedən meyillər, trendlər
bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin
yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq
ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu
istiqamətdə müəyyən işlər görülüb. Ən önəmlisi gələcək
fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil
etməyimizdir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın malik olduğu
resurslardan səmərəli istifadəsi dövlətimizin daha da
güclənməsində, inkişaf etməsində öz sözünü deyir: “Bu baxımdan
ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin
ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq yaratmasını, dünyanın
enerji xəritəsini dəyişməsini xüsusi qeyd etmək istərdik. Tarixən
neft ölkəsi kimi tanınan Azərbaycan bu gün qaz, elektrik enerjisi
ixracat edən dövlət kimi dünyanın diqqətindədir. Dövlətimizin
başçısı müşavirədə vurğuladı ki, neft-qaz, bağlantılar sahələrində
böyük təcrübəmiz var. Bunlar həm bilik, bacarıq, texniki
keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən
məsələlərdir. “Nəqliyyat, energetika dəhlizləri gələcəkdə
fiber-optik dəhlizlərinə də çevrilməlidir” çağırışını edən
Prezident İlham Əliyev onu da əlavə etdi ki, bu istiqamətdə müəyyən
işlər görülüb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir.
Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin
yaradılması istiqamətində də təşəbbüslərimiz ölkəmizin
uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir”.
Vüqar Rəhimzadə Azərbaycanın mühüm üstünlükləri sırasında
coğrafi mövqeyini xüsusi vurğulayıb: “Qərblə Şərqin qovuşağında
yerləşən Azərbaycan bu üstünlüyünü gələcək inkişafına yönəldir.
Əməkdaşlıq məkanına çevrilən Azərbaycan müxtəlif ölkələri,
xalqları, mədəniyyətləri, dinləri bir araya gətirir, yeni
əməkdaşlıq körpüləri qurur. Azərbaycanın beynəlxalq əhəmiyyətli
tədbirlər üçün ideal məkan kimi tanınması, dünyanın iqtisadi,
siyasi, xarici siyasət, texnoloji inkişaf gündəliyinin ölkəmizdə
müzakirə olunması bir tərəfdən zəngin təcrübəyə malik olmağımız,
digər tərəfdən isə sabitlik məkanı kimi nüfuz qazanmağımızla
bağlıdır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, coğrafi vəziyyət
bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi
vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Ona
görə Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində
yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə
təmin edir. Prezident İlham Əliyev bu günlərdə ABŞ Ticarət
Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə
üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edərkən də bu mühüm məqamı xüsusi vurğuladı ki,
beynəlxalq əlaqələrimizin coğrafiyası genişlənir: “Bir çox
ölkələrlə imzalanmış strateji tərəfdaşlıq sənədləri, sazişlər və
bəyannamələr var. Ölkələrdən bəziləri bir-biri ilə yaxşı
münasibətdə deyil. Lakin mən hər zaman demişəm ki, Azərbaycan heç
vaxt toqquşma yeri olmayacaq, əməkdaşlıq məkanı olacaq. Ölkənin
inkişaf gündəliyi göstərir ki, biz düz yoldayıq””.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın iştirakçısı
və təşəbbüsçüsü olduğu enerji, nəqliyyat layihələrini uğurlu
sonluqla başa çatdırması etibarlı tərəfdaş kimi mövqeyinin
möhkəmlənməsində əhəmiyyətli rol oynayır: “Bunun üçün Ümummilli
Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas
tərkib hissəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından ötən
dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların
xronologiyasına diqqət yetirmək kifayətdir. Azərbaycana iqtisadi və
siyasi dividend gətirən, iqtisadi və siyasi müstəqilliyini
möhkəmləndirən “Əsrin müqaviləsi”nin imzalanmasından 23 il sonra,
2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın
sözünün də imzası qədər əhəmiyyətini, beynəlxalq aləmdə möhkəmlənən
mövqeyini təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə
bu reallığı da diqqətə çatdırdı ki, transmilli böyük şirkətlərlə iş
təcrübəmiz də böyük üstünlükdür. Azərbaycan iqtisadiyyatına son 20
il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Həm yerli,
həm xarici sərmayələrin qorunması hər bir ölkənin, o cümlədən
Azərbaycanın inkişafını müəyyən edib. 30 ildən çox davam edən bizim
neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir.
Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan
şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir”.
Vüqar Rəhimzadə müşavirədə diqqət yönəldilən məsələlərdən biri
kimi, son illər ölkəmizdə aparılan işlər nəticəsində öz enerji
generasiya gücümüzü böyük dərəcədə artırmağımızı qeyd edib: “Son 20
il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu
gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları – istər
qaz, istər hidro, istər Günəş, külək bu gün Azərbaycan
reallıqlarını müəyyən edib. Hazırda ən azı 2 min meqavat istifadə
edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt,
data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir. Gələcəkdə
ölkəmizin generasiya gücü imzalanmış kontraktlar əsasında daha da
artacaq. Bu üstünlükdən səmərəli şəkildə istifadə etmək əsas
prioritetlər sırasındadır. Prezident İlham Əliyev bu çağırışı etdi
ki, bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.
Xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı
müvafiq sənədlər imzalanıb və elektrik enerjisinin bir qismini
ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da böyük
enerji güclərini tələb edir”.
Milli Məclisin deputatı bildirib ki, ölkəmizin dayanıqlı
inkişafının təmin edilməsi hər zaman qarşıda dayanan əsas hədəfdir: “Təbii ki, hər bir hədəf dövrün çağırışlarının yüksək səviyyədə
cavablandırılması ilə vəhdət təşkil edir. Keçilən yola nəzər
saldıqda Azərbaycanın bu hədəflərə ardıcıllıqla nail olduğunu görür
və bundan böyük qürur hissi keçiririk. Yeni texnologiyaların
inkişafı və tətbiqi hər zaman əsas hədəflərdən olub. 2013-cü ilin
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi də
bunun bariz nümunəsidir. Azərbaycanın 2023-cü ildə 74-cü Beynəlxalq
Astronavtika Konqresinə ev sahibliyi etməsi də bu sahədə malik
olduğu imkanların təqdimatı oldu. Prezident İlham Əliyev “Neft
kapitalını insan kapltalına çevirək” tezisini irəli sürəndə bu
çağırışı da etmişdir ki, təbii resursların ixracından əldə
etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəltməklə
gələcəkdə inkişafımızı dayanıqlı etmək olar”.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev
müşavirədə rəqəmsal inkişafı təmin etmək üçün tapşırıqlarını da
çatdırdı. Bildirdi ki, hər bir dövlət qurumunda, ilk növbədə,
nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik
üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu
sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki,
onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət
qurumunda bu sahə prioritet sayılmalıdır. Son illər ərzində
müxtəlif dövlət qurumları tərəfindən müxtəlif platforma və
tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya
şəklində aparılması üçün buna da ehtiyac olmayacaq, yaradılmış
platforma və tətbiqlər tədricən ləğv edilməlidir. Dövlət xidmətləri
vahid mərkəzdən, “mygov” üzərindən həyata keçirilməlidir. Bu,
vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək:
“Hər bir çağırış, hədəf kadr hazırlığı məsələsini
aktuallaşdırır. Prezident İlham Əliyev bildirdi ki, təhsil
sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm
Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda,
dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə
peşəkarlığı artırmalıdırlar. Orta məktəblərdə şagirdlərə ilkin
biliklərin aşılanması üçün tədris proqramına da müəyyən
dəyişikliklər edilməlidir. Əsas çağırışlardan biri süni intellektin
tətbiqinin dövlət qurumlarında geniş vüsət alması,
kibertəhlükəsizlik üzrə əsas hədəflərin müəyyən edilməsidir. Süni
intellekt sahəsində inkişaf etmiş bəzi ölkələrdə dövlət
məmurlarının gündəlik fəaliyyətinə süni intellekt agentlərinin
kömək göstərdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki,
çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı
süni intellekt yardımçı ola bilər. Ona görə rəhbər orqanlarında
təmsil olunan şəxslər süni intellektdən geniş istifadə
etməlidirlər”.
Milli Məclisin deputatı belə bir ümumiləşdirməni diqqətə
çatdırıb ki, Azərbaycanın hər bir sahə üzrə inkişaf strategiyasını,
fəaliyyət planını təsdiqləməsi və uğurlu icrasını həyata keçirməsi
hərtərəfli inkişafda kompleks tədbirlərə xüsusi önəm verdiyini
nümayiş etdirir: “Bu da Azərbaycanın dünyaya təqdim etdiyi inkişaf
modelinin tərkib hissəsidir. Bu baxımdan rəqəmsal inkişafa həsr
edilən müşavirənin keçirilməsi, bu məsələnin dövlətimizin
başçısının qeyd etdiyi kimi Prezidentin nəzarətində olması bir çox
tərəfdaşlarımıza da mesajdır. Bu, bir daha təsdiqləyir ki,
Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Prezident İlham
Əliyev bu hədəfi də qarşıya qoydu ki, Azərbaycanın malik olduğu
üstünlüklər xarici tərəfdaşlarımıza çatdırılmalıdır”.

