
Münxen. Trend:
Cənubi Qafqaz regionunun təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır,
buna görə də bu bölgədə sülh və sabitliyin təmin olunması bütün
Avropanın birinci dərəcəli maraqlarına uyğundur.
Bu barədə Münxen Təhlükəsizlik Konfransı ərəfəsində Macarıstanın
Müdafiə Nazirliyindən Trend-ə bildirilib.
“Ölkəmiz sülhün əldə olunmasına yönəlmiş bütün təklif və
təşəbbüsləri dəstəkləyir. Azərbaycan və Ermənistan arasında sülh
prosesi çərçivəsində 2025-ci ilin avqustunda “Beynəlxalq Sülh və
Rifah naminə Tramp Marşrutu” (TRIPP) razılaşdırılıb və sonrakı
danışıqların mümkün olması ABŞ Prezidenti Donald Trampın mühüm
dəstəyi sayəsində təmin edilib”, – qurumdan qeyd olunub.
Vurğulanıb ki, genişmiqyaslı Rusiya–Ukrayna münaqişəsinin
başlamasından bir neçə il əvvəl Budapeşt ümumavropa təhlükəsizlik
mühitinin pisləşməsi fonunda təhlükəsizlik və müdafiə məsələlərinə
diqqətin artırılmasına zərurətin olduğu qənaətinə gəlib.
“Bununla əlaqədar olaraq, Macarıstan müdafiə xərclərini artırmaq
barədə qərar qəbul edib və 2016-cı ildə Silahlı Qüvvələrin “Hərtərəfli Milli Müdafiə və İnkişaf Proqramı”nı işə salıb. Son 10
il ərzində ölkə maliyyələşməni əhəmiyyətli dərəcədə artıraraq,
ilkin müəyyən edilmiş müddətdən bir il əvvəl – artıq 2023-cü ildə
ÜDM-in 2 faizi səviyyəsinə nail olub. Bundan əlavə, Haaqa
sammitində Macarıstan 2035-ci ilədək müdafiə və təhlükəsizlik
xərclərinin ÜDM-in 5 faizinə çatdırılması təşəbbüsünü dəstəkləyib
və bu strateji məqsədi ardıcıl şəkildə həyata keçirmək
niyyətindədir.
Modernləşmə proqramı artıq təxminən on ildir icra olunduğundan,
bir sıra istiqamətlər üzrə real nəticələr nümayiş etdirə bilirik.
Əsasən sovet mənşəli köhnəlmiş silahlanma müasir texnika ilə fəal
şəkildə əvəz olunur. Proqram Macarıstan Silahlı Qüvvələrinin bütün
imkanlar spektrinin yenilənməsinə yönəlib ki, bu da yalnız milli
müdafiə potensialının möhkəmləndirilməsinə deyil, həm də NATO-nun
çəkindirmə və müdafiə imkanlarının gücləndirilməsinə töhfə verir.
Beləliklə, Macarıstanın müdafiə planları NATO və Avropa İttifaqının
tələbləri və məqsədləri ilə tam uzlaşdırılıb”, – nazirlikdən
bildirilib.
Macarıstan Müdafiə Nazirliyindən qeyd edilib ki, hazırkı həssas
və sürətlə dəyişən təhlükəsizlik mühitində NATO-nun rolu xüsusi
əhəmiyyət kəsb edir.
“İttifaq Avropa təhlükəsizliyinin təməl daşıdır. Ötən il Haaqada
keçirilən sammitdə biz transatlantik əlaqələrin möhkəmliyi və
Avropa müttəfiqləri ilə Kanadanın regional təhlükəsizliyin təmin
olunmasında daha böyük məsuliyyət götürmək əzmi barədə aydın mesaj
verdik. Avropaya ABŞ müttəfiq kimi lazımdır. Yalnız real, pozitiv
və praqmatik yanaşma ABŞ-nin iştirakını qoruyub saxlamasına imkan
verəcək.
Etibarlı müttəfiq kimi Macarıstan ədalətli yük bölgüsünə
sadiqdir və öhdəliklərini yerinə yetirmək üçün əhəmiyyətli səylər
göstərir”, – deyə qurumdan bildirilib.
Nazirlikdə vurğulanıb ki, Aİ ilə NATO arasında əməkdaşlıq
həlledici əhəmiyyət daşıyır, çünki Avro-Atlantik birliyin qorunması
son dərəcə vacib olaraq qalır.
“Biz həm NATO-nun, həm də Avropa İttifaqının kompleks təhdidlər
və ümumi qeyri-müəyyənliklə bağlı yeni reallıqlara uyğunlaşmasını
alqışlayırıq. Bununla yanaşı, funksiyaların və paralel fəaliyyət
istiqamətlərinin həddindən artıq təkrarlanmasından qaçmaq
zəruridir.
Macarıstan hesab edir ki, qarşılıqlı bağlılıq beynəlxalq
sabitliyin möhkəmlənməsinə xidmət edir. Avropa dövlətləri qlobal
tərəfdaşlarla əməkdaşlığı fəallaşdırmalıdır. Bu qarşılıqlı
fəaliyyət praqmatik və qarşılıqlı faydalı olmalıdır. Sabitliyin
qorunması naminə hətta mürəkkəb tərəfdaşlar və potensial rəqiblərlə
belə dialoqa açıq qalmalıyıq”, – deyə nazirlikdə bildirilib.
Qurumda qeyd olunub ki, 2026-cı il mühüm siyasi və təhlükəsizlik
məsələləri ilə başlayıb.
“Avropa təhlükəsizlik arxitekturasına təsir edən ciddi
çağırışlar mövcuddur: beynəlxalq nizamın dəyişməsi, böyük dövlətlər
arasında rəqabət və qonşuluğumuzda gedən müharibə. Kompleks 360
dərəcəlik yanaşmanın qorunması son dərəcə vacibdir. Avropanın
dayanıqlılığı həm şərqdən, həm də cənubdan gələn təhdidlərin nəzərə
alınmasını tələb edir. Cənubdan qaynaqlanan çağırışlar – terrorizm
və qanunsuz miqrasiya kimi – təhlükəsizliyimiz üçün hələ də ciddi
təhdid olaraq qalır. Bununla əlaqədar olaraq, Macarıstan regiona
xüsusi diqqət yetirir. Biz xüsusilə NATO-nun cənub cinahına
fokuslanmaqla, sülhməramlı əməliyyatlarda, missiyalarda və digər
fəaliyyətlərdə iştirak etməklə münaqişələrin qarşısının alınmasına
və sabitliyin qorunmasına sadiq qalırıq. Xüsusilə, Macarıstan Qərbi
Balkanlarda sabitlik və təhlükəsizliyin təmin olunmasına tam
sadiqdir”, – deyə nazirlikdən bildirilib.

