
Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 fevral
tarixində Salyan şəhərində Hacıqabul, Salyan, Neftçala rayonları və
Şirvan şəhərinin sakinlərini qəbul edib.
Trend xəbər verir ki, bu barədə Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.
Görüşdən əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Vətəndaşların qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o
cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı
müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və
operativ şəkildə araşdırılması ilə əlaqədar Nazirliyin aidiyyəti
qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində göstərilən problemlərin bir qismi
dərhal müsbət həllini tapıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə
aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və
müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər
idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda fevral ayı
üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

