Dünyanın dəyişən nizamı Azərbaycan və Xorvatiya üçün yeni imkanlar açır – Xorvatiyanın müdafiə naziri

Baş səhifə

Münxen. Trend:

Dünya nizamının transformasiyası Azərbaycan və Xorvatiya kimi
ölkələr üçün yeni imkanlar açır.

Trend xəbər
verir ki, bunu Xorvatiya Baş nazirinin müavini, müdafiə naziri İvan
Anuşiç Münxen Təhlükəsizlik Konfransının çərçivəsində jurnalistlərə
açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırkı beynəlxalq vəziyyət, Ukraynadakı
münaqişə, Yaxın Şərqdəki gərginlik və transatlantik münasibətlərin
dəyişən xarakteri dövlətlərdən öz müdafiə qabiliyyətlərini gözdən
keçirmələrini və möhkəmləndirmələrini tələb edir.

“Dünya təhlükəsizlik problemləri ilə üzləşir, xüsusilə Avropa və
Cənubi-Şərqi Avropa. Xorvatiya isə burada yerləşir. İndi biz
müdafiə sistemimizi necə yaxşılaşdıracağımızı, potensialımızı necə
artıracağımızı və silahlı qüvvələrimizi necə gücləndirəcəyimizi
müzakirə edirik”, – deyə Anuşiç bildirib.

Nazir vurğulayıb ki, Xorvatiya müstəqilliyini qazandıqdan sonra
– 35 ildir ki, ordunu modernləşdirmək üçün ən böyük layihələrdən
birini həyata keçirir.

“Hazırda biz silahlı qüvvələrimizi modernləşdiririk – bu,
Xorvatiyanın müstəqil olmasından bəri həyata keçirilən ən
genişmiqyaslı modernləşdirmədir. İki, ən çox üç il içində
modernləşdirmə tamamlanacaq və bizim tamamilə yenilənmiş silahlı
qüvvələrimiz olacaq, gələcəkdə hər hansı bir vəziyyətə hazır
vəziyyətdə olacaq”, – deyə o bildirib.

Anuşiç, qlobal geopolitikada baş verən dəyişiklikləri, Ukraynada
baş verən münaqişəni, Yaxın Şərqdəki vəziyyəti və NATO və Avropa
İttifaqı daxilindəki müzakirələri nəzərə alaraq təhlükəsizlik
məsələlərinin xüsusilə aktuallaşdığını vurğulayıb.

“Bu, asan vəziyyət deyil və hər bir ölkə öz gələcəyini, xalqını
düşünməlidir. Biz məhz bununla məşğul oluruq”, – deyə nazir qeyd
edib.

O etiraf edib ki, keçmişdə Avropa ölkələri müdafiə sahəsinə
yetərincə vəsait ayırmırdı, amma indi vəziyyət dəyişir.

“Doğrudan da, Avropa dövlətləri öz müdafiələrinə kifayət qədər
vəsait xərcləmirdi. İndi isə Aİ və NATO yanaşmalarını dəyişib və
müdafiə xərclərini artırır”, – deyə Anuşiç bildirib.

O, ABŞ-nin Zaqrebin strateji tərəfdaşı olduğunu əlavə edib:

“Amerika bizim strateji tərəfdaşıdır və bizim çox yaxşı
əməkdaşlığımız var”.

Bakı və Zaqreb arasındakı qarşılıqlı əlaqənin perspektivləri
barədə danışan nazir qeyd edib ki, qlobal sistemin transformasiyası
hər iki ölkə üçün əlavə imkanlar açır.

“Əgər dünya nizamı dəyişirsə, bu, Azərbaycan və Xorvatiya üçün
böyük bir fürsətdir. Bu, bizim gələcəyimizi necə
formalaşdıracağımızı müəyyən etmək imkanıdır. Bu, sabahdan daha
uzağa baxan ölkələr üçün yeni bir şansdır”, – deyə nazir bəyan
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir