
Bakı. Trend:
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclasında “ARB” kanalının efirində “Reklam haqqında” Qanunun pozulması faktı
müzakirə olunub.
Trend şuraya
istinadən xəbər verir ki, 8 fevral 2026-cı il tarixində kanalın
efirində saat 13.38-də yayımlanan reklam materialında endirimin və
ödəniş şərtlərinin reklamda aydın və düzgün şəkildə göstərilməməsi
aşkarlanıb.
Bildirilib ki, faktla bağlı zəruri araşdırmalar aparılıb və “Reklam haqqında” Qanunun 7-ci maddəsinin tələblərinin pozulması
təsbit olunub. Belə ki, həmin reklamda təqdim olunan məlumatlar “Reklam haqqında” Qanunun 7.1.4-cü maddəsinə əsasən əmtəənin
qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri barədə
məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks
etdirdiyinə görə qeyri-dəqiq reklam hesab olunur və həmin Qanunun
7.2-ci maddəsinə görə qeyri-dəqiq reklama yol verilmir.
“Cari ilin əvvəlindən televiziya kanalının efirində belə
pozuntuların bir neçə dəfə baş verməsini, kanala müvafiq
bildirişlərin göndərilməsini nəzərə alaraq Audiovizual Şuranın
üzvləri “ARB” kanalına qarşı sərt sanksiya tədbirinin tətbiq
edilməsi və kanalın yayımının 16 fevral tarixində saat 08.00-dan
başlayaraq 24 saat müddətinə müvəqqəti dayandırlması barədə qərar
qəbul ediblər”, – məlumatda vurğulanıb.

