
Bakı. Trend:
“ASELSAN” 50 ilə yaxın tarixə malik, Türkiyənin aparıcı yüksək
texnologiya şirkətlərindən biridir. Şirkət yalnız milli müdafiə
sənayesinin ehtiyaclarını qarşılamaqla kifayətlənmir, eyni zamanda
qlobal texnologiya bazarında mövqeyini davamlı şəkildə gücləndirir. “ASELSAN” strateji inkişaf xətti çərçivəsində 2030-cu ilə qədər
dünya üzrə müdafiə və yüksək texnologiya şirkətləri arasında ilk
30-luqda yer almağı hədəfləmiş və bu istiqamətdə mühüm
irəliləyişlər əldə etmişdir.
Son illərdə “ASELSAN” həm texnoloji, həm də iqtisadi
göstəricilər baxımından sürətli inkişaf nümayiş etdirir. 2025-ci il
məlumatlarına əsasən, şirkət bazar dəyəri ən sürətlə artan müdafiə
sənayesi müəssisələri sırasında dünya üzrə ilk 15-likdə yer alaraq
qlobal səviyyədə etibarlı və strateji texnologiya tərəfdaşı
statusunu möhkəmləndirmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra “ASELSAN”
ölkəmizlə təhlükəsizlik, müdafiə və rabitə texnologiyaları
sahələrində sıx əməkdaşlığa başlamışdır. Şirkət 1995-ci ildə
Azərbaycanda nümayəndəlik kimi fəaliyyətə başlamış, 1998-ci ildən
etibarən isə “ASELSAN Bakü” adı altında rəsmi şəkildə təsis
edilmişdir.
2026-cı ildə fəaliyyətinin 28-ci ilini tamamlayan “ASELSAN Bakü”
MMC, “ASELSAN”ın Azərbaycandakı rəsmi nümayəndəliyi kimi ölkədə
həyata keçirilən layihələrin icrasında mühüm rol oynayır. Şirkət
layihələrdə koordinasiyanın təşkili, satışdan sonrakı texniki
dəstək və mülki peşəkar-həvəskar telsizlərin satışı və icarəsi
istiqamətlərində əsas dayaq nöqtələrindən biri kimi fəaliyyət
göstərir.
“ASELSAN”ın strateji yanaşmasının əsasını oyun dəyişən
texnologiyaların inkişafı, yüksək mühəndislik təcrübəsi və yerli
texnologiya istehsalı təşkil edir. Şirkət innovasiyanı yalnız
texnoloji üstünlük kimi deyil, eyni zamanda insana və ətraf mühitə
həssas, dayanıqlı inkişaf modeli çərçivəsində dəyərləndirir. Bu
yanaşma “ASELSAN”ı klassik müdafiə şirkətindən qlobal miqyasda
fəaliyyət göstərən çoxşaxəli texnologiya firmasına çevirir.
“ASELSAN”ın innovasiya gücünün mərkəzində gənc mühəndis
dinamizmi ilə dərin peşəkar təcrübənin vəhdəti dayanır. Hazırda
şirkətdə 8500-dən çox yüksək ixtisaslı mühəndis çalışır. Bu insan
kapitalı ən son texnoloji trendlərin praktik mühəndislik həllərinə
çevrilməsinə və mürəkkəb çağırışların effektiv şəkildə həllinə
imkan yaradır.
“ASELSAN” Azərbaycanda həm müdafiə və təhlükəsizlik sektoru, həm
də mülki sahələr üzrə geniş əməkdaşlıq şəbəkəsinə malikdir. Şirkət
Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Sərhəd
Xidməti, Daxili Qoşunlar və digər güc strukturları ilə yanaşı,
Azəravtoyol, TƏBİB və bir sıra digər mülki qurumlarla da müxtəlif
texnoloji və infrastruktur layihələri həyata keçirir.
Bu əməkdaşlıqlar “ASELSAN”ın Azərbaycanda yalnız texnologiya
təchizatçısı deyil, eyni zamanda ölkənin uzunmüddətli inkişaf
hədəflərinə töhfə verən strateji tərəfdaş olduğunu nümayiş
etdirir.

