
Bakı. Trend:
“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan
Sahibkarlığın İnkişafı Fondunun (Azerbaijan Business Development
Fund, ABDF) reytinqlərini “BB/B” səviyyəsində sabit proqnozla
təsdiqləyib.
Trend xəbər verir
ki, bu qərar 2025-ci ildə ABDF adı altında birləşən, Azərbaycan
Sahibkarlığın İnkişafı Fondu ilə “Azerbaijan Investment Company”nin
operativ inteqrasiyası nəticəsində əldə olunan tərəqqinin
təzahürüdür.
Agentliyin məlumatına görə, fond eyni zamanda ortamüddətli
strategiya hazırlayır və birləşdirilmiş strukturun idarə heyətinin
formalaşdırılması 2025-ci ilin sonunadək başa çatdırılıb. ABDF-nin
2025-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS)
uyğun konsolidə edilmiş audit olunmuş maliyyə hesabatını 2026-cı
ilin iyun ayında dərc edəcəyi gözlənilir.
Agentliyin proqnozu sabit olaraq qalır ki, bu da növbəti 12 ay
ərzində birləşdirilmiş strukturların inteqrasiyanı davam
etdirəcəyi, ABDF-nin isə çox güclü kapitallaşma səviyyəsini və
təmkinli risk meylini qoruyub saxlayacağı gözləntilərini əks
etdirir.
“Birləşmiş strukturların inteqrasiyası çətinliklərlə üzləşərsə
və ya fond birləşmədən sonra risk profilini artıraraq əhəmiyyətli
borc yığarsa, reytinqin mümkün endirilməsi baş verə bilər.
Eyni zamanda, yaxın 12 ay ərzində reytinqin yüksəldilməsi
ehtimalı aşağıdır. Uzunmüddətli perspektivdə isə ABDF dövlət
siyasəti çərçivəsində artan əhəmiyyətini təsdiqləyərsə və
Azərbaycanın suveren reytinqi yüksələrsə, reytinqin
yaxşılaşdırılması mümkündür”, – hesabatda bildirilir.

