
Bakı. Trend:
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı və Naxçıvan
şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil
alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə
fəlsəfə doktoru imtahanı keçirilib.
DİM-dən Trend-ə
verilən xəbərə görə, imtahan elektron formada kompüterlər
vasitəsilə keçirilib. İlkin məlumatlara əsasən 1 nəfərin üzərində
yardımçı vasitələr (konspekt) aşkar olunduğu üçün imtahandan
kənarlaşdırılıb.
İmtahanın keçirilməsi üçün ümumilikdə 2 bina, 3 zal admini, 2
ümumi imtahan rəhbəri, 21 nəzarətçi, 3 buraxılış rejimi əməkdaşı
(mühafizə) ayrılıb.
Yekun imtahan nəticələri “Danışıq bloku” imtahanı keçiriləndən
iki həftə sonra elan olunacaq.
Qeyd 1. Fevralın 15-də keçirilən imtahan dinləyib-anlama,
oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və
yazı bloklarından ibarət olub. Bu imtahanda iştirak etməyən
iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku
üzrə imtahan fevralın 19-da keçiriləcək. Danışıq bloku üzrə
imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha
yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin
olunmayacaqlar.
Qeyd 2. Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm
də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili
üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər
bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv
cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı və
danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə
qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal
bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən
istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları
üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə
fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və
əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından
azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi
ödəmiş hesab edilirlər.
Qeyd 3. Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan
dili üzrə fəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-da
keçiriləcək.

