
Bakı. Trend:
İsrail hökuməti ölkənin cənubunda və şimalında iki beynəlxalq
hava limanının tikintisini nəzərdə tutan planı təsdiqləyib.
Trend xəbər verir ki, Baş
nazir Benyamin Netanyahu bu barədə həftəlik Nazirlər Kabinetinin
iclasında məlumat verib.
Cənubda inşa ediləcək hava limanının Beersheba şəhərindən
təxminən 10 kilometr şimal-qərbdə, Siklaq ərazisində, Negev
Desert-də yerləşməsi planlaşdırılır. Netanyahu bildirib ki, layihə
regionun inkişafına ciddi təkan verəcək, yeni iş yerlərinin
açılmasına şərait yaradacaq, nəqliyyat imkanlarını genişləndirəcək
və turizmin inkişafını sürətləndirəcək.
O qeyd edib ki, təşəbbüs həmçinin avtomobil və dəmir yolu
infrastrukturunun genişləndirilməsi, eləcə də yeni biznes
sahələrinin formalaşması ilə müşayiət olunacaq. Baş nazirin
sözlərinə görə, bu cür layihələrin müsbət təsiri dünyanın bir çox
ölkəsində, o cümlədən İsraildə müşahidə edilib.
Şimal bölgəsində planlaşdırılan hava limanı Ramat David
ərazisində, Galilee bölgəsində tikiləcək. Baş nazir vurğulayıb ki,
bu addım xaricə səfər edən turistlərin və İsrail vətəndaşlarının
artan tələbatının qarşılanmasına kömək edəcək.
Netanyahu əlavə edib ki, hər iki layihənin paralel şəkildə və
mümkün qədər qısa müddətdə icrası nəzərdə tutulur. O, bu
təşəbbüsləri həm şimal, həm də cənub üçün dövlətin “inkişaf
lokomotivi” kimi qiymətləndirib.

