
Bakı. Trend:
Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyində
Azərbaycan Səfirliyinin və “Sholumi” Mədəniyyət Mərkəzinin birgə
təşkilatçılığı ilə “Əsrlərdən gələn ənənə” filminin təqdimat
mərasimi keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, rejissoru Rüfət Əsədov
olan sənədli ekran əsəri Azərbaycan və İsrail kinematoqrafçılarını
birgə istehsalıdır (prodüser Shaul Siman-Tov(İsrail).
Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikasının
İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar
Məmmədov İsrail xalqı ilə Azərbaycan arasında çoxəsrlik dostluq və
qarşılıqlı hörmətə əsaslanan əlaqələrin son illər ərzində strateji
tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayaraq Rüfət
Əsədovun filminin iki xalq və ölkə arasındakı münasibətlərə böytük
töhfə verəcəyinə əminlik ifadə edib.
Rüfət Əsədov Azərbaycanın əsrlər boyu Şərq və Qərb
mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu,
multikulturalizm və tolerantlıq nümunələrinin yaşadığı məkan
olduğunu diqqətə çatdıraraq ərsəyə gəlin filmin də məhz bu
nümunələri əks etdirdiyini bildirib.
Sözügedən filmin növbəti təqdimatı Azərbaycan-İsrail Beyəlxalq
Assosiyasiyasının və “Sholumi” Mədəniyyət Mərkəzinin təşkilatçılığı
ilə Qüds şəhərində keçirilib. Tədbirdə Qüdsün müxtəlif icmalarının
nümayəndələri iştirak edib.
Qeyd edək ki, film xalçaçı-rəssam, kolleksioner, dağ
yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin
yaradıcılığı haqqındadır. Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən
olan filmin qəhrəmanı öz yaradıcılığında Azərbaycan və yəhudi
xalqlarının mədəniyyətlərini birləşdirir. Onun əsərlərində
Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində
yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin yüksək
səviyyədə olduğu bir ölkə olaraq tərənnüm edilir.
Film artıq bir neçə ölkədən – Amerika Birləşmiş Ştatları,
Almaniya, Nuderland, Çexiya, Rusiya və başqa ölkələrdən təkliflər
alıb.

