
Ağdam. Trend:
Bir müddət əvvəl Ağdam şəhərinin 2-ci yaşayış kompleksinə
sakinlərin qayıdışı təmin edilib. Hazırda burada 103 ailə,
ümumilikdə 403 sakin yaşayır. Digər yaşayış komplekslərində isə
tikinti işləri davam etdirilir və bu istiqamətdə yeni mərhələyə
start verilib.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin əməkdaşı Fidan Məmmədli Trend-ə açıqlamasında
məlumat verib.
Onun sözlərinə görə, artıq 5-ci yaşayış kompleksi üzrə tikinti
işlərinə başlanılıb. Sözügedən kompleks 12 məhəllədən
ibarətdir.
Məhəllələr üzrə ümumilikdə 50 bina layihələndirilib. Bunlardan
40-ı yaşayış binası, 10-u isə qeyri-yaşayış binası kimi nəzərdə
tutulub. Kompleksdə 1, 2, 3 və 4 otaqlı olmaqla ümumilikdə 1074
mənzil planlaşdırılır.
Bundan əlavə, yaxın vaxtlarda 3-cü yaşayış kompleksində də
tikinti işlərinə başlanılması planlaşdırılır. Həmin kompleks 13
məhəllədən ibarət olacaq.
Eyni zamanda bildirilib ki, Ağdam şəhərində bərpa edilən Ağdam
Cümə məscidinin yardımçı tikililərinin və şəhərdə çoxfunksiyalı
inzibati binanın tikintisinə də yaxın vaxtlarda start
veriləcək.

