
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanla heyvandarlıq və
kənd təsərrüfatı sahələri üzrə yeni əməkdaşlıq üçün mövcud
potensialı araşdırır.
Bunu Trend-ə
açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişikliyi
və Ətraf Mühit Nazirliyinin İqtisadiyyat departamentinin direktoru
Dahi Yusif Əl-Mansuri deyib.
“Biz bura Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında
ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sahəsində mövcud imkanları
araşdırmaq üçün gəlmişik. Məqsədimiz iki ölkə arasında ixrac və
idxal imkanlarını dəyərləndirmək, qarşılıqlı faydanı necə artıra
biləcəyimizi müəyyənləşdirməkdir. Bununla bağlı konkret planlar və
investisiya imkanları da bizi maraqlandırır”, – o bildirib.
Nazirlik rəsmisi vurğulayıb ki, əsas maraq dairələri
heyvandarlıq və kənd təsərrüfatı sahələridir:
“Bu istiqamətdə Azərbaycanla əməkdaşlıq üçün mövcud potensialı
öyrənmək istəyirik. Ola bilsin ki, ölkəmizin bəzi məhsulları
Azərbaycan bazarı üçün maraqlıdır, yaxud əksinə, Azərbaycanın
məhsulları bizim üçün cəlbedici ola bilər.
Biz bu səfərə məhz bu məqsədlə başlamışıq və Azərbaycanla hansı
sahələrdə və necə əməkdaşlıq edə biləcəyimizi araşdıracağıq”.

