
Bakı. Trend:
“Carlsberg Azerbaijan”ın yeni baş direktoru Krasimir
Lazarov şirkətin Azərbaycandakı fəaliyyəti barədə geniş müsahibə
verib.
Baş direktor “Carlsberg Group” şirkətinin baş icraçı
direktoru Yakob Aarup-Andersenin Davosda Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev ilə görüşünü yüksək qiymətləndirib. Bu
görüşdə əsas gündəm məsələsinin ölkədə istehsal üçün xammalın və
qablaşdırma materiallarının 100% lokallaşdırılması istiqamətində
həyata keçirilən işlər olduğunu bildirib.
Şirkət rəhbəri prioritetləri, növbəti 5 il üçün
hədəfləri, dayanıqlılıq proqramları, tərəfdaşlıq və investisiya
planları barədə də ətraflı məlumat verib.
Xatırladaq ki, “Carlsberg Azerbaijan”ın istehsal gücü
ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə təxminən 250 nəfər
işçi çalışır və əlaqəli sahələrdə (təchizatçılar, pərakəndə satış,
qonaqpərvərlik xidməti) 3000-dən çox iş yeri təmin edilir. Zavodun
inkişafına qoyulan investisiyaların ümumi həcmi 82 milyon manata
yaxındır. Şirkətin portfelinə “Xırdalan”, “Carlsberg”, “Tuborg”, “Blanc 1664”, “Grimbergen” və “Əfsanə” kimi brendlər
daxildir.
1. Salam Krasimir. “Carlsberg Azerbaijan”ın yeni baş
direktoru olaraq bizə özünüz və peşəkar fəaliyyətiniz barədə
məlumat verərdiniz, zəhmət olmasa.
2018-ci ildən “Carlsberg”də çalışmağa başlamışam. Əvvəlcə mən
“Carlsberg Bulgaria”nın müasir ticarət üzrə milli satış meneceri
vəzifəsində idim. Sonra isə mən Satış direktoru oldum. Satış və
biznesin inkişafı üzrə direktor kimi, şirkətin maliyyə
gündəliyindən məsul olmaqla, rəhbərliklə birgə çalışıb böyük
təcrübə qazanmaq imkanı əldə etdim. 2026-ci ilin əvvəlindən isə
“Carlsberg Azerbaijan”ın baş direktoru olmaqdan məmnunluq və qürur
duyuram.
2. “Carlsberg Azerbaijan” şirkətinin yeni baş direktoru
kimi əsas prioritetləriniz və strateji hədəfləriniz
nələrdir?
Hazırda mənim üçün ən-ən önəmlisi insanları və komandanı
anlamaq, onları daha yaxından tanımaqdır. Onlara gündəlik
fəaliyyətlərində necə dəstək ola biləcəyimi öyrənməkdir.
İkincisi, əlbəttə, Azərbaycanda biznes mühitini öyrənməkdir –
istehlakçılar, bazar kateqoriyaları və ölkədə ümumilikdə biznesin
necə idarə olunduğu ilə daha yaxından tanış olmaqdır.
3. “Carlsberg Group” şirkətinin baş icraçı direktoru
Yakob Aarup-Andersenin Davosda Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev ilə görüşü zamanı Şirkətin yerli
istehsalını və İmişlidəki pivəlik arpa emalı zavodunu müzakirə
ediblər. Şirkət qarşıdakı illərdə Azərbaycanda yerli istehsalı və
ixracı necə genişləndirməyi planlaşdırır?
Biz bu görüşə, həmçinin dövlət qurumları və ölkə başçısı cənab
İlham Əliyev tərəfindən göstərilən dəstəyə görə qürur duyuruq.
Cənubi Qafqazda ilk pivəlik arpa emalı zavodu “ProMalt”un açılışı
bunu xüsusilə sübut edir. Bu, “Carlsberg”in burada istehsalın
lokallaşdırılması istiqamətindəki gələcək gündəliyini dəstəkləyən
təşəbbüsdür.
Azərbaycanda gördüyümüz işlərdən həqiqətən qürur duyuruq. Bütün
xammal və qablaşdırma materiallarımızı 100% lokallaşdıracağımıza
inanırıq. Gündəliyimizə uyğun olaraq, növbəti addımımız alüminium
banka və şüşə qablaşdırmanın yerli tədarükçülərdən əldə etməkdir.
Bütün brendlərimizin, xüsusilə də “Xırdalan” brendinin yerli
xammaldan və qablaşdırma materialından hazırlanması bizim üçün çox
önəmlidir.
4. “Carlsberg” növbəti beş il ərzində Azərbaycandakı
fəaliyyətini necə genişləndirməyi planlaşdırır? Buraya yeni məhsul
kateqoriyaları, istehsal güclərinin artırılması və ya regional
paylama şəbəkələrinə daha dərin inteqrasiya
daxildirmi?
Qrup olaraq, ilk növbədə bazar lideri kimi, istehlakçılarımıza
yaxın olmalı və həm Azərbaycanda baş verən yerli trendlərə, həm də
qlobal miqyasda baş verən dəyişikliklərə həssas
yanaşmalıyıq.Dəqiqliklə deyə bilərik ki, 0.0 faiz alkoqollu içkilər
insanların gündəlik həyatında geniş yer tutmağa başlayıb. Bazarda
güclü lider olaraq bu seqmenti davam etdirməyi düşünürük. Qürurla
qeyd edirəm ki, “Xırdalan 0.0” Azərbaycanda istehsal olunan ilk 0.0
faiz alkoqollu içkidir. Ümumilikdə istehlakçılarımızın
ehtiyaclarını nəzərə alıb onlara daha da yaxşı içkilər təqdim etmək
üçün çalışırıq.
5. Praktiki olaraq “Carlsberg” şirkəti dayanıqlılıq
proqramını Azərbaycandakı fəaliyyətinə necə inteqrasiya edir? Bu
bazarda həm ekoloji məqsədlərə, həm də iqtisadi dayanıqlığa nail
olmaq üçün hansı konkret hədəfləri və ya yenilikləri tətbiq
edirsiniz?
Bu suala görə təşəkkür edirəm. Bu, həm “Carlsberg Group”da, həm
də Azərbaycanda gündəliyimizdə öndə gələn məsələdir, çünki biz
“Birlikdə Sıfıra Doğru və Daha İrəli” proqramımızla uzunmüddətli
dayanıqlı həlləri axtarırıq. Son beş ildə Azərbaycanda bu
istiqamətdə əldə etdiyimiz nəticələrdən qürur duyuruq. Biz burada
su istehlakını 9%, istilik istehlakını 5% və CO₂ emissiyalarını 9%
azaltmağa nail olmuşuq.Bu böyük uğurdur, nəticəni yüksək
qiymətləndiririk. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə
əməkdaşlıq çərçivəsində “Xəzəri Qoruyaq” təşəbbüsünə də davam
edəcəyik. Bu bizim üçün çox önəmlidir. Azərbaycanda çimərliklərin
təmizlənməsinə dəstəyi davam etmək istərdik.
6. Növbəti illərdə “Carlsberg”in fəaliyyətini və ya
bazardakı mövcudluğunu əhəmiyyətli dərəcədə dəyişdirə biləcək hər
hansı bir investisiya və ya tərəfdaşlıq
planlaşdırılırmı?
Ötən il “Carlsberg” şirkəti Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyi ilə növbəti beş il üçün Azərbaycana 30 milyon manat
investisiya yatırmağı öhdəsinə götürən Anlaşma Memorandumu
imzalayıb. Regionda Azərbaycan bazarının mühümlüyündən irəli
gələrək “Carlsberg” Azərbaycana investisiya yatırmağa davam
edir.
Digər tərəfdən ölkənin qeyri-neft sektorunun ən böyük vergi
ödəyicilərindənik. 2025-ci ildə dövlət büdcəsinə təxminən 39 milyon
manat vergi ödəmişik. Bu onu göstərir ki, Azərbaycana investisiya
etməyə və biznesi inkişaf etdirməyə dair verdiyimiz sözlərin
arxasındayıq.

