İran Azərbaycanla birgə layihələrin sürətlə icrası üçün səylərini davam etdirir – Səfirlik rəsmisi

Baş səhifə

Bakı. Trend:

İran Azərbaycanla uzunmüddətli ikitərəfli və regional
əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verməyə çalışır.

Bunu Trend
açıqlamasında İranın Azərbaycandakı səfirinin müavini Əlirza
Cabbari deyib.

Onun sözlərinə görə, İran şimal qonşusu Azərbaycanın ərazi
bütövlüyünə tam hörmətlə yanaşır.

Səfirlik rəsmisi qeyd edib ki, İran mövcud mədəni və
sivilizasiya baxımından ortaq potensialdan maksimum faydalanmaqla,
hər iki ölkənin milli maraqlarının qorunması və birgə layihələrin
sürətlə icrası üçün zəruri zəminin yaradılması istiqamətində
ardıcıl səylərini davam etdirir. Məqsəd dost və qardaş Azərbaycan
ilə uzunmüddətli ikitərəfli və regional əməkdaşlığın
möhkəmləndirilməsi, eləcə də regionda sabitliyin, təhlükəsizliyin
və hər iki xalqın rifahının daha da artırılmasına töhfə
verməkdir.

Cabbari bildirib ki, bir neçə gün öncə dost və qardaş ölkə
Azərbaycanda İranın Milli Günü – İslam İnqilabının qələbəsinin
47-ci ildönümü münasibətilə rəsmi tədbir keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xarici işlər naziri
Ceyhun Bayramov bu münasibətlə İran İslam Respublikasının
Prezidenti Məsud Pezeşkiana və xarici işlər naziri Abbas Əraqçiyə
ayrı-ayrılıqda səmimi təbrik məktubları ünvanlayıb, İran dövləti və
xalqını Milli Gün münasibətilə təbrik ediblər.

Cabbari qeyd edib ki, Azərbaycan Respublikasının ali
rəhbərliyinin İran tərəfinə göndərdiyi təbrik mesajlarında dərin
tarixi, dini və mədəni ortaq köklərə malik olan dost, qardaş və
qonşu iki ölkə və iki xalq arasında hərtərəfli əməkdaşlığın
genişləndirilməsinə maraq ifadə olunub. Bu məqam iki ölkə xalqları
arasında mövcud olan sarsılmaz tarixi bağların və qardaşlıq
münasibətlərinin bariz təzahürü kimi qiymətləndirilə bilər.

İran rəsmisi əlavə edib ki, Azərbaycan Respublikasının Baş
nazirinin müavini, eyni zamanda İran-Azərbaycan Birgə İqtisadi
Komissiyasının Azərbaycan tərəfdən həmsədri olan Şahin Mustafayevin
Bakı şəhərində İran İslam Respublikasının Milli Günü münasibətilə
keçirilən tədbirdə iştirakı və məzmunlu çıxışı da qarşıdakı illərdə
ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində
hər iki ölkənin ciddi siyasi iradəyə malik olduğunu açıq şəkildə
nümayiş etdirib.

“Qeyd etmək yerinə düşər ki, İran İslam Respublikasının
Prezidenti Məsud Pezeşkianın 2025-ci ilin aprel ayında Azərbaycan
Respublikasına etdiyi tarixi səfər iki ölkə münasibətlərində yeni
bir mərhələnin əsasını qoyub. Səfər çərçivəsində dövlət başçıları
tərəfindən birgə bəyanatın imzalanması, habelə siyasi
məsləhətləşmələr, nəqliyyat əməkdaşlığı, mədəni mübadilələr,
səhiyyə, media, investisiya və ticarət sahələrini əhatə edən 7
mühüm sazişin imzalanması, eləcə də Araz çayı üzərində yerləşən
Kəlalə-Ağbənd avtomobil körpüsünün tamamlanması və istismara
verilməsinin sürətləndirilməsi ilə bağlı razılaşmalar son illərdə
ikitərəfli münasibətlərin inkişafına yönəlmiş yeni və müsbət
yanaşmanın mühüm göstəricilərindən biri hesab olunur”.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvətini qəbul
edərək Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına
(ECO) üzv ölkələrin dövlət başçılarının 17-ci Zirvə Görüşündə
iştirak etmək məqsədilə 2025-ci ildə ikinci dəfə Azərbaycana səfər
etməsi isə iki ölkə rəhbərlərinin münasibətlərin yaxınlaşması
istiqamətində qətiyyətli iradəyə malik olduqlarını aydın şəkildə
ortaya qoyur”, – deyə o bildirib.

Cabbari sonda qeyd edib ki, yaxın günlərdə Bakıda keçirilməsi
planlaşdırılan İran-Azərbaycan 17-ci Birgə İqtisadi Komissiyasının
iclası iki dost və qardaş ölkə arasında iqtisadi, ticarət və mədəni
əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsinə yeni impuls
verəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir